Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Oxu.Az xəbər verir ki, Premyer Liqanın III turunun “Qarabağ” – “Neftçi” matçının 66-cı dəqiqəsində meydan sahibi klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atılıb.
Buna görə Ağdam klubu 1600 manat cərimə olunub.
Bundan başqa, oyunun 70-ci dəqiqəsində “Qarabağ” klubu İnnosent Emeqaranın qolu ilə hesabı bərabərləşdirib. Ona görə də meydan sahibinin azarkeşləri sevinc məqsədilə pirotexniki vasitələrdən istifadə ediblər. Klub azarkeşlərinə görə daha 800 manat cəriməyə məruz qalıb.
I divizionun II turunun “Keşlə-2” – “Sumqayıt-2” matçının sonlarında hadisə baş verib. Oyunun 90+5-ci dəqiqəsində “Keşlə” klubunun futbolçusu Ruslan Nəsirli hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırılıb. Millimizin sabiq futbolçusuna dörd oyunluq cəza verilib, klub 320 manat cərimə edilib.
Oyun başa çatdıqdan sonra “Keşlə”nin icraçı direktoru Ramiz Məmmədov hakim-inspektorun icazəsi olmadan hakimlər otağına daxil olub, hakimlərə öz etirazını bildirib. Qəsəbə klubu buna görə əlavə 160 manat cərimə olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə klubu daha ağır sanksiya gözləyir.
Bu oyunun hakimi Namiq Bəkirov və hakim-inspektoru İrina İsgəndərova haqqında müvafiq olaraq Hakimlər Komitəsi və Hakim-İnspektorlar Komitəsinin lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırması tapşırılıb.
Səbuhi MUSAYEV
www.oxu.az
Rəylər