İyn
2014
12:32
54
19
5658
Virtual karabakh

Azərbaycan tarixində ilk Milli Qolf Turniri – FOTOREPORTAJ

9 İyn, 2014
12:32
5658

Azərbaycan tarixində ilk Milli Qolf Turniri – FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gələcəkdə ölkəmiz qolf üzrə daha böyük yarışlara ev sahibliyi edəcək.

İki il əvvəl idmanın bütün növlərinin sürətlə inkişaf etdiyi Azərbaycanın idman tarixində “qolf idmanı” adlı yeni səhifə açıldı.

2012-ci ildə Anar Məmmədovun rəhbərliyi altında Azərbaycan Qolf Federasiyasının təsis edilməsi ilə, idmanın bu növünün ölkəmizdə inkişafı istiqamətində mühüm tədbirlər görülməyə başladı. Qısa bir vaxt ərzində Federasiyanın inzibati binası, Qubada Milli Qolf Klubu, Bakıda Milli Qolf Akademiyası yaradıldı, paytaxt məktəblərində şagirdlərə təlimlər keçirilməyə başladı.

Federasiyanın qolf üzrə fəaliyyət göstərən xarici qurumlarla sıx əməkdaşlığı sayəsində ölkəmiz qolf üzrə ilk beynəlxalq yarışları qəbul etməyə başladı.

Ölkənin qolf idmanı tarixində ən əlamətdar hadisə isə 7 iyun tarixində Quba Milli Qolf Klubunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş Milli Qolf Turnirinin keçirilməsi oldu.  

Möhtəşəm tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədovun da vurğuladığı kimi, Cənubi Qafqazda ilk dəfə olaraq, Azərbaycanda belə bir möhtəşəm tədbirin keçirilməsi ölkəmizin böyük qolf aləminə atdığı ilk addım oldu.

“Artıq bu turnirdən başlayaraq, gələcəkdə ölkəmiz qolf üzrə daha böyük, genişmiqyaslı yarışlara ev sahibliyi edəcək”, - deyə, A.Məmmədov vurğuladı.

Və beləliklə, Qubada yaradılmış Milli Qolf Klubunda xalqımızın Ümummilli Liderinin adını daşıyan möhtəşəm yarışmaya start verildi.

Dünyanın müxtəlif ölkələrindən  - Avstraliya, Böyük Britaniya, Türkiyə, Gürcüstandan 44-ü kişi, 6-sı qadın olmaqla, 50 idmançının qatıldığı yarışda Azərbaycanı Şotlandiyada təhsil alan həmvətənimiz, 22 yaşlı Kamran Zeynalov, Azərbaycan Qolf Federasiyasının təlimçisi Emin Zeynalov, Federasiyanın digər təlimçiləri Elşən Quliyev və Rantik Quliyev təmsil ediblər.

Aralarında Tahir və Cabir İmanov qardaşları, Murad Dadaşov kimi tanınmışların da olduğu tamaşaçıların böyük marağına səbəb olmuş, gərgin mübarizə şəraitində keçən yarışma tanınmış türkiyəli qolfçu Mahmut Koylunun inamlı qələbəsi ilə başa çatıb.  

İkinci və üçüncü yerləri Cənubi Koreyanı təmsil edən Yonq Van Kim və ingiltərəli Riçard Çarlz Fut tutdular.

Tədbirin Le Coquet restaurant-da keçirilən bağlanış mərasimində qalibləri Qolf Federasiyasının prezidenti Anar Məmmədov şəxsən təbrik etdi və bundan sonra qalibə turnirin Kuboku təqdim edildi.

Belə möhtəşəm tədbirin təşkilinə görə öz minnətdarlığını bildirən Mahmut Koylu, Azərbaycanda qolfun inkişafının vacibliyini vurğuladı:

“Qardaş ölkənin uğurları bizi sevindirməyə bilməz. Mən çox şadam ki, bu gün Azərbaycanda qolf üzrə yarışda iştirak etdim. Bu, bizə qardaş olan ölkədə idmanın bütün növlərinin yüksək inkişafını bir daha vurğulayır”.

Möhtəşəm ziyafət və atəşfəşanlıqla başa çatan turnirin keçirildiyi Quba Milli Qolf Klubununda diqqəti çəkən digər bir məqam isə burada çalışan bütün heyətin yerli sakinlərdən ibarət olması idi. Belə ki, Milli Qolf Klubu çərçivəsində yaradılmış infrastrukturda işləyən gənclərin hamısı Qubada yaşayan orta və ali təhsilli, hətta xaricdə təhsil alaraq, çalışmaq üçün doğulduğu rayona qayıdan gənclər idi.

Bu isə öz növbəsində, Federasiya prezidenti Anar Məmmədovun bir müddət əvvəl vurğuladığı kimi, “Qubada Milli Qolf Klubunun yaradılması regionda yeni iş yerlərinin açılması ilə nəticələnəcək” sözlərini bir daha təsdiqləmiş olur.

Yarışmada diqqəti cəlb edən digər bir məqam isə tamaşaçılar arasında xeyli sayda əcnəbi turistlərin olması idi. Azərbaycan təbiətinin inanılmaz gözəlliyindən böyük zövq aldıqlarını vurğulayan qonaqlar, Qubada Milli Qolf Klubunda yaradılmış şəraiti çox yüksək qiymətləndirib və bu bölgəyə yenidən səfər edəcəklərini bildiriblər.

Beləliklə, ölkəmizin idman tarixində ilk dəfə olaraq, Qolf üzrə Milli Turniri uğurla başa vurmuş Azərbaycan Qolf Federasiyası qarşıda qolf üzrə yeni-yeni yarışlara ev sahibliyi etməyə hazırlaşır. Azərbaycan Qolf Federasiyası və Beynəlxalq “European Tour” arasında imzalanmış sazişə əsasən, artıq avqustda, daha dəqiqliklə, 30 iyul – 3 avqust tarixlərində 18 dəlikli, dünya standartlarına cavab verən Quba Milli Qolf Klubunda dünya çərçivəsində çox mötəbər bir qolf yarışı statusunu qazanmış “Challenge Tour” yarışması baş tutacaq.

Bu möhtəşəm yarışın keçiriləcəyi tarixə az vaxt qalsa da, irəlidə görüləcək çox işlər var. Lakin Azərbaycan Qolf Federasiyası tərəfindən Qubada Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş Milli Qolf Turnirinin yüksək səviyyədə təşkil olunması və keçirilməsi, avqust ayında baş tutacaq qarşıdakı böyük yarışmanın da möhtəşəm bir idman bayramına çevriləcəyini söyləməyə əsas verir.

Foto: Rəşid Cəbrayılov
Foto: Sabir Cəbrayılov

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri