“Keşlə” klubunun Müşahidə Şurasının sədri Zaur Axundov bundan sonra komandasının oyunlarını texniki zonadan futbolçular və məşqçilərlə birgə izləyə bilər.
Bunu Oxu.Az-a açıqlamasında Axundovun özü açıqlayıb.
O bildirib ki, Azərbaycan Futzal Federasiyasının prezidenti kimi millinin oyunlarında etdiyi ənənəni böyük futbolda da davam etdirmək niyyətindədir:
“Kənardan oyuna baxmaq ağırdır. Futzalda məşqçilər və oyunçular da məndən xahiş edir ki, siz texniki zonada olanda biz rahat oluruq. Mənim bir az emosional insan olmağıma artıq onlar öyrəşiblər. Bu, həm adət-ənənədir, həm də futbolçuların dili ilə desək, onlara dəstəkdir.
Təbii ki, böyük futbolla futzalın fərqi çoxdur. Burda da imkanım olsaydı, yenə texniki zonada olardım. Amma burda qaydalar fərqlidir. Kresloda oturub oyuna baxmaq, bəlkə də, ən çətin işdir. AFFA-nın qayda-qanunları var ki, onlara riayət olunmalıdır. Müşahidə Şurasının sədri kimi başqa bir zonada oturub futbolu izləməliyik, başqa çıxış yolumuz yoxdur.
Klub rəhbərinin texniki zonadan oyunu izləməsi üçün xüsusi icazə AFFA tərəfindən alınmalıdır. Açığı, mən ora yenicə müraciət etmişəm. İndi görək AFFA nə qərar verəcək. Mən çox istəyirəm ki, bu reallaşsın. Burada oturmaq artıq qeyri-mümkündür, çətindir”.
Qeyd edək ki, Zaur Axundov həm də AFFA İcraiyyə Komitəsinin üzvüdür.
Səbuhi MUSAYEV