Bu gün Bakı Olimpiya Stadionunda tanınmış idman jurnalisti Rövşən Binnətlinin altmış illik yubileyi qeyd olunub.
Oxu.Az xəbər verir ki, açılış nitqində səbəbkarın işlədiyi “CBC Sport” telekanalının direktoru Volkan Üst Binnətli haqda xoş sözlər deyib.
Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov 2002-ci ildə yaradılarkən qurumun, bu idman növünün tanınmasında Binnətlinin və onun işlədiyi “Lider” TV-nin böyük rolunun olduğunu bildirib.
Daha sonra İqor Ponomaryov İsveçdən bağlantı ilə səbəbkarı təbrik edib. Həmçinin, Olimpiya çempionumuz Zemfira Meftahətdinova, Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov və digərləri də səbəbkara xoş sözlərini çatdırıb.
Sonda Rövşən Binnətli çıxış edərək bütün qonaqlara təşəkkürünü bildirib. O, tədbiri şərhçi qismində oyunun başa çatması kimi yekunlaşdırıb.
Qeyd edək ki, Rövşən Binnətli Qarabağ müharibəsi veteranı olub. O, “Futbol+” da daxil olmaqla, bir sıra qəzetlərdə, “Lider” TV-də işləyib. “Gümüş Qələm” mükafatçısı olan Binnətli Qış və Yay Olimpiya Oyunlarını Azərbaycan tamaşaçılarına ilk dəfə öz dilimizdə çatdırmaqla tarixə düşüb.
Səbuhi MUSAYEV
Rəylər