Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycan Avropa çempionatından beş medalla qayıdır - FOTO
Son qitə çempionatlarında bir-birinin ardınca iki bürünc medal qazanmış Murad Hacızadə (+84 kq, şəxsi məşqçisi Rafael Məmmədov) Danimarkanın Olbo şəhərində keçirilən karate üzrə 21 yaşadək (U-21) gənclər arasında Avropa çempionu olub.
Oxu.Az xəbər verir ki, dörd görüşün heç birində xal buraxmayan seçmə komandanın lideri turnirin ən yaxşı idmançılarından birinə çevrilib.
M.Hacızadənin çempionluğu ümumi komanda sıralamasında geriləyən Azərbaycan karateçilərini dördüncü pilləyə yüksəldib.
Yarışın əvvəlki günləri Roman Heydərov (kata, U-21), Əminağa Quliyev (-61 kq, 16-17 yaşlılar), eləcə də, Tale Yaqubov (-63 kq, 14-15 yaşlı yeniyetmələr) ardıcıl ikinci dəfə qızıl medala, Hüseyn Məmmədli (-57 kq, 14-15 yaşlı yeniyetmələr) isə bürünc mükafata sahib olub.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Avropa Karate Federasiyasının (EKF) İdarə Heyətinin üzvü Yaşar Bəşirov mükafatlandırma mərasimində iştirak edib. EKF tərəfindən etimad göstərilən beynəlxalq hakim Cahangir Babayev qitə çempionatının final görüşlərini idarə edən xüsusi referilər qrupuna daxil edilib.
Qeyd edək ki, Avropa çempionatında 34 dövlətin karateçiləri müxtəlif əyarlı mükafatlara, eləcə də, yalnız 14 ölkənin idmançıları qızıl medala sahib ola bilib. Bir bürünc medaldan əlavə, Danimarkada Azərbaycan himnini dörd dəfə səsləndirmiş karateçilərimizi oktyabrda daha mötəbər yarış – iki ildən bir keçirilən yeniyetmə və gənclərin dünya çempionatı gözləyir. Həmin yarış Çilinin paytaxtı Santyaqoda keçiriləcək.
Rəylər