12 
Fev
2019
12:13
139
54
3814
Virtual karabakh

Millimizin yeni baş məşqçisi: Hücumameyilli futbol oynayacağıq

12 Fev, 2019
12:13
3814

Millimizin yeni baş məşqçisi: Hücumameyilli futbol oynayacağıq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Millimizin yeni baş məşqçisi Nikola Yurçeviç Bakı Olimpiya Stadionunda ilk mətbuat konfransına çıxıb.

Oxu.Az xəbər verir ki, o, ilk olaraq AFFA ilə razılaşdırdığı müqavilənin müddətindən danışıb:

“AFFA ilə 1 illik müqaviləni razılaşdırmışıq. Daha sonra bu müqavilənin müddətini uzada bilərik. Bilirik ki, AÇ-nin seçmə mərhələsində işimiz çətin olacaq. Çünki dünya reytinqində dördüncü yerdə olan Xorvatiya ilə düşmüşük. Bizim mövqeyimiz reytinqdə elə də yaxşı deyil.

Bakıda iki oyuna baxmışam. Xorvatiyada olanda isə “Qarabağ” – “Neftçi” oyununu izləmişəm. Bu matç, xüsusən, çox xoşuma gəldi. Çünki yığma üzvləri çıxış edirdi.

Bakıda toplanış keçirəcəyik. Hansı tarixdə və neçə gün oynayacağımız daha sonra bilinəcək. Azərbaycanda oynayan 20-yə yaxın futbolçu nəzərimdədir. Artıq onlar barədə ilkin informasiyam var. Azərbaycandan kənar oyunçularla da bağlı məlumat toplayacam.

Bir köməkçi məşqçim Xorvatiyadan olacaq. O, Mario Tokiçdir, Zaqreb “Lokomotiv”inin baş məşqçisi olub. Digər iki məşqçi - fiziki hazırlıq və oyunların təhlili üzrə məşqçilər də Xorvatiyadan olacaq. Onlar millinin toplanışlarına qatılacaqlar. Digərləri yerli məşqçilər olacaq. Bunu AFFA müəyyənləşdirəcək.

Mən tək Robert Prosineçki yox, onun millimizdəki köməkçisi olmuş Qordon Sipriçdən də Azərbaycan haqqında məlumatlar almışam. Prosineçki ilə Xorvatiya millisində uzun müddət işləmişəm. O mənə Azərbaycandakı futbol, həyat, Bakı haqda hər şeyi danışıb.

Mən ondan Azərbaycan mətbəxi barədə soruşmuşam. O buranın mətbəxini tərifləyib.

Türkiyədə çalışdığımdan, bilirəm ki, mətbəxlər oxşardır. Amma deyərdim ki, Xorvatiya mətbəxi də əladır. 

Qurban Qurbanovla hələ ki görüşmək imkanım olmayıb. Bilirəm ki, o, Azərbaycanın ən güclü məşqçilərindən biridir. Amma yaxın həftələrdə Premyer Liqa məşqçiləri ilə görüşmək planım var.

Maaşım rəsmi müqavilə bağlandıqdan sonra açıqlanacaq. Açığı, maaş məsələm az müzakirə olundu və dərhal razılığa gəldik. 

Mən də Prosineçki kimi həyat yoldaşımla Bakıda yaşayacağam. Qızlarım Zaqrebdə təhsil alır. Onlar arada bizi görməyə gələcəklər.

Rəqiblərdən fərqli olaraq, taktiki sxemimiz dəyişəcək. Əsasən hücumameyilli oynayacağıq. Amma Xorvatiya ilə oyunda bu sistemdən yararlana bilmərik”.

Səbuhi MUSAYEV
FOTO: Ramil ZEYNALOV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri