“Sumqayıt” transfer etdiyi futbolçunu Azərbaycan Premyer Liqasında oynada bilməyəcək.
Oxu.Az xəbər verir ki, yanvarın 29-da İrandan olan milliyyətcə azərbaycanlı Peyman Keşəvərzlə bağlanmış 6 ay + 1 illik müqavilə pozulub.
Buna səbəb klub rəhbərliyinin transferdən sonra futbolçunun cari mövsüm artıq iki klubda oynadığını bilməsidir.
Belə ki, 22 yaşlı müdafiəçi cari mövsümün əvvəlində Omanın “Yasan Əl-Vaste” klubunda çıxış edib, daha sonra Təbrizin “Göstəriş Fulad” komandasına keçibmiş. Futbol qaydalarına görə isə bir oyunçu cari mövsüm maksimum iki klubda oynamış ola bilər.
“Sumqayıt” üçüncü klub olduğundan, onun Azərbaycanda 2018/19 mövsümü üçün futbol oynaması mümkünsüzə çevrilib. Beləliklə, 15 gün sonra klub bu futbolçunu yola salıb.
Qeyd edək ki, belə bir hal cari mövsümdə ikinci dəfə baş verir. “Keşlə” klubu Emin Mehdiyevi transfer etsə də, daha əvvəl Türkiyənin həvəskar və Azərbaycanın I divizionunda oynadığından, bu futbolçunu oynada bilməmiş və məcburiyyətdən müqavilə bağladığı futbolçunu icarəyə verməli olmuşdu.
Səbuhi MUSAYEV
Rəylər