Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Deputat: Avropa Festivalı azərbaycanlı gənclərin idmana marağını artıracaq
Yaxın günlərdə Avropa idman ictimaiyyətinin diqqəti Avropa Gənclər Olimpiya Festivalına (EYOF) ev sahibliyi edən Azərbaycana yönələcək.
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Sabir Hacıyev deyib.
Onun sözlərinə görə, heç bir şübhə yoxdur ki, Bakı bundan əvvəl dəfələrlə olduğu kimi, irimiqyaslı idman tədbirini ən yüksək səviyyədə keçirəcək:
“Heç şübhə etmirəm ki, Olimpiya Festivalı idmanın 10 növü üzrə medallar uğrunda mübarizə aparmaq üçün Bakıya gəlmiş 3,5 mindən çox oğlan və qız üçün əsl idman bayramına çevriləcək.
Beynəlxalq idman tədbirləri Azərbaycanda həmişə ən yüksək səviyyədə keçirilir. Bunu yalnız mən iddia etmirəm, ekspert və mütəxəssislər də belə qiymət verib. Təsadüfi deyil ki, 2015-ci ildə Bakıda tarixdə ilk dəfə Avropa Oyunları keçiriləndə hamı bildirdi ki, turnir böyük Olimpiya Oyunlarının keçirilməsi üzrə yüksək standartlara uyğun olub”.
Millət vəkili qeyd edib ki, Azərbaycan iri idman turnirlərinin təşkili zamanı yüksək plankanı həmişə qorumağa çalışır:
“Mütəxəssislər Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının, Ümumdünya Şahmat Olimpiadasının, Formula 1 yarışlarının və idmanın müxtəlif növlərində digər dünya və qitə birinciliklərinin ən yüksək səviyyədə keçirildiyini qeyd ediblər”.
S.Hacıyevin sözlərinə görə, EYOF-da idmançılar, idman nümayəndə heyətlərinin üzvləri və öz həmyerlilərini dəstəkləmək məqsədilə Azərbaycana gəlmiş əcnəbi turistlər üçün hər şeyin yenidən ən yüksək səviyyədə təşkil ediləcəyinə heç bir şübhə yoxdur:
“Gənclər turnirinin keçirilməsi azərbaycanlı gənclər arasında idmana marağın artmasına da xidmət edəcək”.
Deputat diqqətə çatdırıb ki, ölkədə iri idman tədbirlərinin keçirilməsi yarışların bütün iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət ayıran Azərbaycan rəhbərliyinin bilavasitə nəzarəti altındadır:
“Ənənəvi olaraq idmançıların və əcnəbi turistlərin təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsinə böyük diqqət ayrılacaq. Ümumiyyətlə, Azərbaycanda mötəbər beynəlxalq idman turnirlərinin keçirilməsi yüksək səviyyəli təşkilatçılıqla xarakterizə edilir.
Atletlərin müxtəlif idman obyektlərinə vaxtında və maneəsiz çatdırılması da təmin edilir. Xatırlayırsınızsa, bu ilin mayında Bakıda UEFA Avropa Liqasının finalı keçirildi və futbol azarkeşləri Bakı Olimpiya Stadionuna xüsusi nəqliyyatla çatdırılırdı. Bakıda iri idman turnirlərində dünya mediasının nümayəndələrinin işləməsi üçün də gözəl şərait yaradılır”.
O əlavə edib ki, turistlər də diqqət mərkəzindədir:
“Onların ölkəyə axını belə idman təbdirləri zamanı artır. Turistləri Azərbaycanda, adətən, əlavə xidmətlər gözləyir. Axı azarkeşlər ölkəmizə təkcə atletlərin çıxışlarına baxmaq üçün deyil, həm də Bakının və Azərbaycanın bölgələrinin gəzməli-görməli, tarixi yerlərinə baş çəkmək üçün gəlirlər. Onlar üçün xüsusi turlar təşkil edilir”.
S.Hacıyev turistləri Azərbaycana cəlb etmək üçün ölkədə hər cür şəraitin olduğunu vurğulayıb:
“Beynəlxalq turnirlər keçiriləndə əcnəbilərin viza alması proseduru sadələşdirilir. Adi vaxtda da “ASAN viza”da vizalar sadələşdirilmiş qayda ilə verilir”.
Millət vəkili əmin olduğunu bildirib ki, azərbaycanlı gənc oğlan və qızlar Avropa Gənclər Olimpiya Festivalında uğurla iştirak edəcəklər.
Xatırladaq ki, EYOF Bakıda 21-27 iyul tarixlərində keçiriləcək.
Rasim Babayev
Rəylər