Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Rəna Mehdiyeva: “Pandemiyadan sonra turizm səfərlərinin qiyməti ehtimal ki, qalxacaq” - ŞƏRH
Qlobal ÜDM-in təxminən 10%-ni təşkil edən turizm sektoru COVID-19 koronavirus pandemiyası səbəbindən ciddi iqtisadi itkilərə məruz qalır. Belə ki, ilk üç ayda turizm sənayesi ilkin olaraq 80 milyard dollar itirib. Ümumdünya Turizm Təşkilatının (UNWTO) proqnozuna görə, 2020-ci ildə dünyada turistlərin sayı 60-80% azala bilər.
Azərbaycan da bu problemdən yaxa qurtara bilmədi. Dövlət Turizm Agentliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, 2019-cu ilin eyni dövrü ilə müqayisədə bu ilin aprel ayında respublikaya gələn xarici turistlərin sayı 92% azalıb. Ən acınacaqlısı isə odur ki, bu vəziyyətdə hadisələrin inkişafını proqnozlaşdırmaq, demək olar, mümkün deyil.
“Fevralın 28-dən etibarən Azərbaycan koronavirusla fəal mübarizə aparır, martın 24-dən isə xüsusi karantin rejiminə keçib. Martın 15-dən bir çox turizm agentliyi fəaliyyətini dayandırdı. Vakuum yaranıb və bunun nə vaxt başa çatacağını bilmirik”, - deyə, “Travel Mania” turizm şirkətinin rəhbəri Rəna Mehdiyeva Media.az-a bildirib.
Onun sözlərinə görə, şirkət ciddi maliyyə itkiləri ilə üzləşib.
“Bizim kiçik biznesimiz var, cəmi üç işçi çalışır. Dövlətin çağırışına uyğun olaraq, işçiləri iş yerlərindən və əmək haqlarından məhrum etmirik, daxili ehtiyatlardan pul ayırırıq, lakin bunlar məhdud deyil. Bundan əlavə, indi işçilər bonus almır. Yaxın gələcəkdə vəziyyətin sabitləşəcəyinə ümid edirik”, – deyə, R.Mehdiyeva əlavə edib.
O qeyd edib ki, bu gün şirkət heç bir şey qazanmır, gəlirlər sıfıra bərabərdir: “Pandemiya dövründə 4 min dollar itirdik. Hər hansı turizm şirkəti üçün yay fəsli ən sərfəli mövsümdür. Yay səyahət paketlərinin - əsasən də Türkiyə istiqamətində - bir hissəsini koronavirus epidemiyası başlamazdan əvvəl reallaşdırdıq. Bu gün, demək olar ki, heç bir turizm agentliyi müştərilərə pul qaytarmaq imkanında deyil. Məni düz başa düşün, biz zəncirvari işləyirik: turistlər - turizm şirkətləri - aviaşirkətlər - hotellər. Belə çətin iqtisadi vəziyyətdə yalnız səfərin tarixini təxirə salmaq olar”.
Onun sözlərinə görə, böyük turizm agentlikləri, hotellər və aviaşirkətlərin proqnozları eynidir: “Hamımız ümid edirik ki, ən geci iyunun 15-dən etibarən Türkiyənin bəzi kurort şəhərləri turist qəbuluna başlayacaq. Ancaq başa düşmək lazımdır ki, bütün ölkələr eyni vaxtda sərhədləri açmayacaq, hər şey tədricən baş verəcək”.
R.Mehdiyeva bundan sonra səyahətin bahalı zövq olacağını vurğulayıb. Bundan əlavə, qoruyucu maskalar taxmaq və sosial təcrid həyat tərzinə çevrilib.
“Bu gün təyyarələr tam dolu vəziyyətdə uça bilmir, eyni şey hotellərə də aiddir. Bu baxımdan, biletlərin və hotellərin qiyməti 50% artacaq. Əvvəllər Türkiyəyə turist paketi orta hesabla 700-1000 manata başa gəlirdisə, indi 1050-1500 manata başa gəlir. Beləliklə, şirkətlər itkilərin əvəzini çıxarmağa çalışacaqlar”, - deyə, o bildirib.
Sonda turizm şirkətinin rəhbəri turizm bazarının yeni reallıqlarına toxundu: “Bundan sonra hər bir hotel xəstəliyin simptomları olanlar üçün ayrıca otaqlar ayırmalıdır. Hotelin girişində insanların temperaturu ölçüləcək. Kimdəsə temperatur yüksək olarsa, dərhal ayrıca otaqda təcrid olunacaq. Belə otaqlar hər bir hoteldə olmalıdır. Yeni reallıqlara, heç olmasa, bu mövsüm üçün alışmalı olacağıq.
Yeri gəlmişkən, Azərbaycanda hotellərin istismarına dair təlimatlar var. Bununla yanaşı, Dünya Turizm Təşkilatı turizm sektorundakı vəziyyətin inkişafı üçün üç mümkün ssenari müəyyənləşdirib:
Birinci ssenari (58% azalma) iyul ayının əvvəlində beynəlxalq sərhədlərin tədricən açılması və səyahət məhdudiyyətlərinin sadələşdirilməsinə əsaslanır.
İkinci ssenari (70% azalma) beynəlxalq sərhədlərin tədricən açılmasına və sentyabr ayının əvvəlində səyahət məhdudiyyətlərinin yumşaldılmasına əsaslanır.
Üçüncü ssenari (78% azalma) beynəlxalq sərhədlərin tədricən açılmasına və səyahət məhdudiyyətlərinin ancaq dekabr ayının əvvəlində yumşaldılmasına əsaslanır.
"COVID-19" teqi üzrə xəbərlər
- Amerikalı qadın peyvənddən imtina etdiyi üçün işdən çıxarıldı: Milyonlarla dollar təzminat aldı
- Viruslar yenidən AKTİVLƏŞİR - Qarşıdakı aylarda koronavirusa yoluxma arta BİLƏR?
- Azərbaycanda onlayn təhsil effekt vermir - Ekspert RƏYLƏRİ
- COP29-a gələn qonaqlardan koronavirus testi götürüləcək? - RƏSMİ AÇIQLAMA
- Alimlər sosial canlıların əsas üstünlüklərini və çatışmazlıqlarını açıqladılar
Rəylər