Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Şəkidə III minilliyə aid insan qalıqlarının nümayiş olunduğu muzey - "Labirint"dən FOTOREPORTAJ
Şəki rayonunun Fazıl kəndində Təpəbaşı nekropolu deyilən yer var. Burada arxeoloqlar - Nəsib Muxtarov və İntizar Bədəlova tərəfindən yaradılan unikal muzey fəaliyyət göstərir. Zəngin eksponatlara malik muzeyin təməli insan və heyvan qalıqları, antik qab-qacağın tapıldığı məkanın üzərində qoyulub.
Araşdırmalar nəticəsində qədim insan məskəninin olduğu müəyyən edilən bu tarixi xəzinə sırf təsadüf nəticəsində aşkarlanıb. Kənd sakinlərindən biri tütün əkini ilə məşğul olan zaman torpaq sürüşməsi baş verib, üzə insan qalıqları çıxıb. Hadisə yerinə dəvət edilən arxeoloqlar tərəfindən qazıntı işləri aparılıb, ərazidən tarixi eradan əvvəl III minilliyə gedib çıxan maddi mədəniyyət nümunələri, insan və heyvan qalıqları aşkar olunub.
Xalq arasında bu muzey "labirint" adını alıb. Çünki muzey müxtəlif otaqlardan ibarət olmaqla labirint formasında inşa edilib və sanki yerin altındadır təəssüratını yaradır. Minilliklərin irsi bu günə qədər də təşəbbüs və yüksək vətənpərvərlik hesabına qorunub saxlanıb. N.Muxtarov həyatdan köçüb, İ.Bədəlova isə kənd sakinləri ilə birlikdə muzeyin keşiyini çəkiblər. Ən böyük arzuları muzeyi dövlət balansında görmək olub. Hazırda bu proses üçün lazımi işlər görülür. Muzeyin dövlət balansına keçməsi onun Şəkinin mühüm turizm istiqamətlərindən birinə çevrilməsi istiqamətində güclü təkan ola bilər.
Oxu.Az-ın əməkdaşı muzeydən fotoları təqdim edir:
Rüstəm Qaraxanlı