“Yay mövsümündə Xəzər dənizinin potensialından maksimum istifadə etməliyik”.
Oxu.Az xəbər verir ki, bunu Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov deyib.
Onun sözlərinə görə, bir sıra ölkələrin, o cümlədən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşları üçün 2016-cı ildən etibarən hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinə başlanması ölkəmizə səyahət edən xarici turistlərin sayını əhəmiyyətli dərəcədə artırıb.
N.Bağırov əlavə edib ki, 2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə, Səudiyyə Ərəbistanından və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib.
Assosiasiya rəhbəri bildirib ki, son illər daxili turizm regionlarda daha çox inkişaf edir:
“Ölkəmizdə turizm sənayesinin daha da inkişafı üçün bir neçə addımın atılması arzuolunandır. Buna misal kimi, ölkəmiz üçün prioritet olaraq seçilmiş ölkələrdən birbaşa uçuşların sayının artırılmasını, aviabiletlərin və yerləşdirmə vasitələrinin qiymətlərinin daha münasib olmasını, ölkəmizdə hostellərin, bir və iki ulduz kateqoriyalı mehmanxanaların tikilməsini, xarici turizm üzrə ixtisaslaşan şirkətlərə müəyyən güzəştlərin edilməsini göstərmək olar.
Bununla yanaşı, turistləri ölkəmizin füsunkar təbiəti, özünəməxsus mədəniyyəti, zəngin və möhtəşəm tarixi, milli mətbəxi ilə bərabər Xəzər dənizi də çox maraqlandırır.
Yay mövsümündə Xəzər dənizinin potensialından maksimum istifadə etməli, dəniz gəzintiləri, adalarda turizmin inkişaf etdirilməsi imkanlarından yararlanmalıyıq”.
U.A.
www.oxu.az