Apr
2023
14:11
290
11
2566
Virtual karabakh

Dörd qanlı günün əzəməti: “Hər birimiz xalqımızdan aldığımız ruhla döyüşdük” - FOTO

1 Apr, 2023
14:11
2566

Dörd qanlı günün əzəməti: “Hər birimiz xalqımızdan aldığımız ruhla döyüşdük” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprel döyüşlərindən yeddi il keçir.

2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, Aprel döyüşləri kimi tarixə düşdü.

Döyüşlər Azərbaycan Ordusunun Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələndi.

Belə ki, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar və Suqovuşan kəndləri istiqamətində yollar düşməndən azad olunub.

Bununla da cinayətkar erməni rəhbərlərin keçilməz erməni səngərləri haqqında uydurduqları mif alt-üst edildi.

Aprelin 4-ü Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin, əsasən, Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərindəki mövqelərimizə yenidən hücum etdi, təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Amma döyüşçülərimizin şücaəti qarşısında düşmən məqsədinə nail ola bilmədi. 

Dördgünlük müharibə Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi.

Oxu.Az-ın əməkdaşı döyüşlərdə iştirak edən hərbçilərlə söhbətləşib.

Azərbaycan Quru Qoşunlarının zabiti, kapitan Anar Vəliyev bildirib ki, 10 ildən çoxdur ki, hərbçidir.

O bildirib ki, Aprel döyüşləri 44 günlük Vətən müharibəsinin başlanğıcı sayılır:

“Dördgünlük döyüş düşmən təxribatının qarşısını almaq üçün həyata keçirildi. Bu döyüşlərdə düşmən ordumuzun gücünü, qüdrətini, sarsılmaz olduğunu gördü. Döyüşlərdə məğlub olub, geri çəkildilər. Sözügedən döyüşlərdə ələ keçirilən yüksəkliklər, yollar hazırda da ordumuzun nəzarəti altındadır”.

O qeyd edib ki, ordumuzun qüdrətinin artması 44 günlük Vətən müharibəsində bir daha düşmənə göstərildi.

Hərbi Dəniz Qüvvələrinin mənsubunun sözlərinə görə, 2012-ci ildən xidmətdədir:

“Mən Goranboy rayonunun Gülüstan kəndi istiqamətində aparılan döyüş əməliyyatlarında iştirak etmişəm. Bizə orada olan düşmənin məhv olunması tapşırığı verilmişdi. Biz Hərbi Dəniz Qüvvələri olaraq Azərbaycan Quru Qoşunları ilə birgə verilən tapşırığı yerinə yetirdik, düşmənin canlı qüvvəsi və texnikası məhv edildi”.

O bildirib ki, Vətən müharibəsi döyüşlərində də Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları iştirak ediblər.

Əslən Şuşa şəhərindən olan Azərbaycan Quru Qoşunlarının zabiti, kapitan Tural Xəlilov deyir ki, dördgünlük döyüş Azərbaycanın qazandığı böyük uğurların başlanğıcı oldu:

“Ordumuzun əsas hədəfi Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinə yaxın kəndlərdə yerləşən və düşmənin atəşinə məruz qalan kənd camaatının təhlükəsizliyini təmin etmək, düşmənin hərbi birləşməsinin atəş nöqtələrini zərərsizləşdirmək idi.

Döyüş zamanı hər birimiz xalqımızdan aldığımız ruhla döyüşdük. Vətənpərvərlik ruhu hər birimizin üzündə əks olunurdu. Mən, əsasən, Goranboy istiqamətində düşmən üçün vacib olan strateji yüksəkliklərlə üzbəüz olan mövqelərdə gedən döyüşlərdə iştirak etmişəm. Düşməni darmadağın edib, Talış kəndi ətrafındakı yüksəklikləri ələ keçirdik. Həmin milli ruhla bu gün də xidmətimizi davam etdiririk”.

Müsahibim 44 günlük Vətən müharibəsində də iştirak edib və bir sıra medallarla təltif olunub:

“Bir gün qismət olar, Şuşada xidmət edərəm”.

Hərbi Dəniz Qüvvələrinin mənsubu isə deyir ki, Aprel döyüşləri zamanı tapşırığa əsasən, Talış kəndi ətrafındakı yüksəkliklərdə olan döyüşlərə qatılıblar:

“Qızğın döyüşlərdə biz düşməni məhv etdik və yüksəkliyi əldə etdik. Döyüşlər dayanan zaman ələ keçirdiyimiz mövqelərin mühafizəsini saxladıq.

Aprelin 4-də onlar yenidən təxribat etdilər və hücuma keçdilər. Həmin vaxt bizimlə birlikdə olan Rusif Ağayev şəhid oldu, Yaşar Ağayev isə yaralandı. Biz həmin təxribatın qarşısını aldıq. Talış kəndindən sağ tərəfdə olan yüksəkliyi də ələ keçirdik. Oradan onların kəndlərini müşahidə etmək olurdu. Ermənilər silahlarını, texnikaları aradan çıxardılar. Atəşkəs elan olunandan sonra şəhidimizin nəşini ərazidən çıxardıq”.

Hərbi Dəniz Qüvvələrinin mənsubunun sözlərinə görə, dördgünlük müharibədə düşmənin Azərbaycana qarşı təxribatının qarşısını alındı:

“Aprelin 2-də döyüş əməliyyatlarına qoşulduq. Biz tapşırıqları yerinə yetirdik, mənfur düşmənin canlı qüvvəsini məhv etdik və bir neçə yüksəkliyi ələ keçirdik. Bizimlə birlikdə döyüşən Rusif Ağayev şəhid olsa da, onun nəşini ərazidən çıxardıq”.

Daha çox foto burada: PhotoStock.az

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri