Bu il Qazax Müəllimlər Seminariyasının yaradılmasının 100 ili tamam olur.
Bu günlərdə Azərbaycan prezidenti İlham Əliyev bu münasibətlə bayram tədbirlərinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.
Oxu.Az bu təhsil müəssisəsinin tarixi ilə bağlı bir neçə maraqlı faktı diqqətinizə çatdırır:
1895-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu, Yerevan gimnaziyasının müəllimi Firudin bəy Köçərli Qoridə yerləşən Zaqafqaziya Müəllimlər Seminariyasının müəllimi təyin edilib, 1910-cu ildən isə seminariyadakı Azərbaycan bölməsinə rəhbərlik edib.
1918-ci ilin mayında Qazax şəhərinin və Qazax qəzasının bəzi kənd icmalarının nümayəndələri tədris dairəsi qarşısında Zaqafqaziya seminariyasındakı Azərbaycan bölməsinin Qoridən Qazaxa köçürülməsi ilə bağlı vəsatət qaldırıb.
Hökumət bu məsələni həll edib. Həmin ildə Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan bölməsi Qazax şəhərinə köçürülüb. Qazax Müəllimlər Seminariyasının direktoru Firudin bəy Köçərli təyin edilib. Müəllim tərkibi isə Qori seminariyasının keçmiş məzunlarından təşkil edilib.

Köçərli Azərbaycanda öz müəllimlər seminariyasını açmaqla bir çox uşaqların burada təhsil almasına şərait yaradıb, çünki ozamankı inkişaf şəraitində Qoriyə nəqliyyat xərclərini hər bir ailə qarşılaya bilmirdi.
Hazırda seminariyanın binasında Azərbaycan Respublikası Qazax rayonunun 4 saylı orta ümumtəhsil məktəbi yerləşir.
Zaqafqaziya Müəllimlər Seminariyasının tanınmış məzunları: Üzeyir Hacıbəyli, Firudin bəy Köçərli, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Müslüm Maqomayev.
Qazax Müəllimlər Seminariyasının tanınmış məzunları:
Səməd Vurğun – Azərbaycan Xalq şairi. Seminariyanı 1924-cü ildə bitirib.
Mehdixan Vəkilov – yazıçı və pedaqoq, Azərbaycanın əməkdar elm xadimi, Azərbaycan SSR Ali Şurasının deputatı, Səməd Vurğunun qardaşı. Seminariyanı 1924-cü ildə bitirib.
Osman Sarıvəlli – Azərbaycan xalq şairi. Seminariyanı 1926-cı ildə bitirib.
İsmayıl Şıxlı – Azərbaycan Xalq yazıçısı, Azərbaycan SSR Ali Şurasının deputatı. Seminariyanı 1936-cı ildə bitirib.
Mehdi Hüseyn - Azərbaycan Xalq yazıçısı.
Seyfulla Şamilov – yazıçı, publisist və tərcüməçi, Azərbaycan Yazıçılıq İttifaqının sədri.
Təhsil müəssisəsində Azərbaycanla yanaşı, Türkiyədən olan müəllimlər də dərs deyirdi. Maraqlıdır ki, müəllimlərin maaşı həmin illər çox yüksək idi. Direktor 1095 manat 83 qəpik, müəllim isə 845 manatadək maaş alırdı.
Ə.Ş.
www.oxu.az