Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda qanunsuz fəaliyyət göstərən "Ramin-Nur" şadlıq sarayının camış ətini dana əti adı ilə təqdim edərək istehlakçıları aldatdığını aşkarlayıb.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, sözügedən "Ramin-Nur" şadlıq sarayı "Körpü Bina Tikinti" MMC-nin rəhbəri Xəlil Göyüşovundur.
Şadlıq sarayına da oğlu Raminin adını verib. Ramin Göyüşov özü də iş adamıdır. Müxtəlif vaxtlarda mediada onun da adı hallanıb.
Hansı ki, həmin şirkətlə bağlı da müxtəlif vaxtlarda şikayətlər olub. Elə beş gün əvvəl həmin şirkətin Dərnəgül qəsəbəsində ağacları kəsməsi ilə bağlı şikayət daxil olmuşdu.
Həmin şikayətlə bağlı hazırda araşdırma aparılır.
Qeyd edək ki, Xəlil Göyüşovun Bakıda bir neçə villasının, Sumqayıtda əlavə şadlıq sarayının olduğu deyilir.
Xatırladaq ki, 2024-cü ildə Sabunçu rayonu, Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə ("Sabunçu keçidi" adlanan yer) iki nəfər boğularaq ölmüşdü. Həmin tunel də "Azərbaycan Dəmir Yolları"nın sifarişi əsasında Xəlil Göyüşova məxsus "Körpü Bina Tikinti" MMC tərəfindən inşa edilib.
Bakının Xətai rayonunda, R.Bağırov küçəsi, ev 58 ünvanında yerləşən, fiziki şəxs Firdovsi Mülkü oğlu Quliyevə məxsus "Ramin Nur" şadlıq sarayında yoxlama keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, baxış zamanı istehlakçı hüquqlarının və sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub.
"Belə ki, obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Camış ətinin istehlaka dana əti adı ilə təqdim edildiyi aşkarlanıb. Həmin camış ətləri müvafiq baytarlıq sənədi və idxal sağlamlıq aktı ilə müşayiət edilib. Qeyd olunan hal qida təhlükəsizliyi riski yaratmasa da, istehlakçıların aldadılaraq onların hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur.
Bundan başqa, şadlıq evində tərkibi ilə etiket məlumatları uyğunsuzluq təşkil edən alkoqolsuz içkilərin təqdim edildiyi məlum olub. Qida məhsullarının saxlanması ilə bağlı tələblərin pozulduğu, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, mətbəxdə istehlaka hazır qidalardan, donmuş ət məhsullarından və meyvə şirəsindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib, icrası məcburi göstərişlər verilib", - məlumatda qeyd olunub.