Elektron qolbaqların necə və hansı şərtlərlə məhkumlara tətbiq edilməsi barədə çoxlarında hələ də düzgün təsəvvür yoxdur. Hətta bəzi jurnalistlər səhvən hesab edirlər ki, elektron qolbaqların tətbiqindən sonra məhkumun qaçma ehtimalı və ya yeni cinayət törətməsi mümkün olmur.
Hətta bu günlərdə belə bir gülməli uydurma eşidildi ki, məhkum qolbağı açaraq pişiyə bağlayıb, özü qaçaraq, heyvanı evdə saxlayıb. Bu uydurma xəbər sosial şəbəkələrdə dolaşır, çox qəribədir ki, buna inanan insanlar da tapılır.
Bu mövzu ilə əlaqədar Oxu.Az saytının əməkdaşı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəhbərliyinə müraciət edərək, elektron qolbaq və onun işləmə qaydaları haqqında danışmağı və əyani nümayiş etdirməyi xahiş edib.
Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsinin rəisi, kiçik ədliyyə müşaviri Elmin Həsənov Monitorinq Mərkəzinin işi ilə tanış olmağımıza şərait yaratdı. Mərkəz ilin bütün günləri 24 saat ərzində fasiləsiz fəaliyyət göstərir və elektron nəzarət sisteminə inteqrasiya edilir.
Daha öncə Oxu.Az olaraq elektron qolbaqların hansı hallarda məhkumlara tətbiq edilməsi ilə əlaqədar məlumat vermişdik. Xatırladaq ki, azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, habelə şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi qanunvericilikdə mühüm yenilik hesab edilir.

Bu prosesə, məhkumlara tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və tətbiqi qaydalarının 2018-ci ilin aprelindən qüvvəyə minməsi ilə əlaqədar start verilib.
Azərbaycanda 2000-dən çox məhkuma Probasiya Xidməti tərəfindən elektron qolbaq tətbiq edilib.
Elektron nəzarət vasitələri üç hissədən ibarətdir: elektron qolbaq, mobil nəzarət qurğusu (mobil telefona oxşayır) və ev-siqnal ötürücüsü. Elektron qolbaq səkkiz ayadək enerji saxlayır.
Ramella İbrahimxəlilova