Böyük Vətən müharibəsi illərində Sovet tank və təyyarələri üçün yanacağın demək olar ki, 90%-i cəbhə xəttinə Bakıdan çatdırılırdı.
Bu gün biz faşizm üzərində qələbənin 69-cu ildönümünü qeyd edirik. O qorxulu müharibədə 30 milyondan çox insanın həyatını aparan 1941-1945-ci illərdə qələbə yalnız Sovet döyüşçülərinin şücaəti hesabına başa gəlməyib. Ümumi qəhrəmanlıqda SSRİ-nin hitlerçilər tərəfindən işğal edilməyən regionlarının da əməyi var. Və əlbəttə ki, ilk növbədə söhbət bizim ölkədən – Azərbaycandan gedir.
O illərdə Bakı əsl arxa cəbhə şəhəri idi. O, faziləsiz olaraq Sovet ordusunu yanacaqla təmin edirdi – o illərdə Bakı neftinin alternativi praktiki olaraq yox idi.
Müharibənin sərt illərində Azərbaycan neftçiləri gecə və gündüz çalışırdılar. Cəbhədə hər beş tank, təyyarə və avtomaşından dördü Bakı neft mədənlərində çıxarılmış və neft emalı zavodlarında emal edilmiş yanacaqla işləyirdi.
Kvalifikasiyalı işçilərin, ustaların və mühəndislərin cəbhəyə getdiyi bir şəraitdə, bütün çətinliklərə baxmayaraq Bakı neftçiləri neft emalında yüksək göstəriciyə nail olublar.
Bu, qəhrəmanlıq və indiyə qədər görünməmiş rekord göstəricidir: 1941-ci ildə bütün SSRİ-də 33 milyon ton neft hasil edilib, ondan 23,6 milyon ton Azərbaycan nefti idi. O vaxta qədər Bakıda bu qədər neft hasil edilməyib.
1942-ci ildə alman ordusu Bakıya yaxınlaşırdı. Fürrer tezliklə Bakını almaq arzusunun həyata keçəcəyinə inanırdı. O, hətta bu zəfərin tarixini belə təyin edib – 25 sentyabr 1942-ci il.
Bakı istehsalat qüvvələrinin təxliyyəsinə və neft quyularının məhv edilməsinə başladı, düşmən Bakı neftinin bir damcısını da almalı deyildi.
1942-ci ilin payızında 764 buruq bağlanılmış və məhv edilməyə hazırlanmışdı, 81 qazma avadanlığı dəsti personalla bərabər Türkmənistana göndərildi. Bununla yanaşı Bakı köhnə quyuları bərpa və istismar edərək cəbhəni neftlə təmin edirdi.
1942-ci ilin iyul ayında düşmən cəbhəyə neftin göndərildiyi Qroznıdan Rostova qədər bütün yolları kəsmişdi. Amma bu Azərbaycan zəhmətkeşlərinə mane olmadı. Nefti dəniz yolu ilə, orda isə Orta Asiyaya aparmaq qərara alındı. Neftin çatdırılmasının yeni yolu Xəzərdən və Krasnovodskdan keçirdi.
Qeyd edim ki, neftin çatdırılması üçün seçilən yeni üsul dünyada ilk dəfə tətbiq edilirdi: neftlə dolu dəmiryol sisternaları dənizlə Bakıdan Krasnovodska ötürülürdü. Hər gecə dənizlə 35 sisternadan ibarət “zəncir” yollayırdılar.
Ümumilikdə müharibə ərzində 75 milyon ton neft hasil edilib, bu isə hasil edilən Sovet neftinin dörddən üçü idi.
Neft məmulatlarından 22 milyon ton benzin istehsal edilib, bu isə ümumittifaq benzinin 80%-i, ümumittifaq liqroinin 90%-i, ümumittifaq yağların isə 96%-i idi. Bakının payına 85% aviasiya yanacağı düşürdü. Cəbhəyə 1 milyon tondan artıq yüksək oktanlı benzin B-78 çatdırılıb.
Amma Azərbaycanın Böyük Vətən müharibəsində qələbə üçün çəkdiyi əziyyəti yalnız Bakı neftinin hesabına yazmaq lazım deyil.
Müharibə illərində Azərbaycan maşınqayırma zavodları 130 növ silah və sursat istehsal edirdi.
Bundan başqa 1941-ci ilin sonundan Bakıda “ЯК-3” qırıcısının buraxılışına başlandı. 1942-ci ilin yazında isə Bakıda yığılmış ilk təyyarələr səmaya qalxdı.
Bilirsinizmi ki, dünya şöhrətli qvardiya bombardmançısı “Katyuşa” da Bakıda hazırlanıb? “Katyuşa”lar 1942-ci ilin iyulunda yaradılmış №160 zavodda istehsal edilib.
Azərbaycan əhalisi cəbhədən heç nə əsirgəmirdi. Hər şey qələbə üçün edilirdi: şəxsi əmanətlərdən 15 kq qızıl, 952 kq gümüş, 320 milyon Sovet rublu müdafiə fonduna verilib.
Cəbhəyə 1,6 milyon ədəd vacib əmtəə malları və 125 vaqon isti geyim göndərilib.
Əhalisi aclıqdan əziyyət çəkən blokada da olan Leninqrada, 1942-ci ilin yayına qədər Bakı müəssisələri ərzaq malları, eləcə də medikament və sarğı vasitələri göndəriblər.
Respublikada yaradılmış təxliyyə hospitalları şəbəkəsindən 440 min yaralı keçib.
Bakı qələbəyə yalnız öz əsas varını – “qara” qızılını deyil, eləcə də qiyməti olmayan 300 min öz şərəfli qız və oğlanlarının həyatını verib.
Bütün 1460 gün və gecə davam edən müharibə illərində Bakı cəbhə şəhəri olub. Bakı olmasaydı qələbə də olmazdı.
Təəssüflər ki, Böyük Vətən müharibəsində qazanılan qələbədə Azərbaycan və onun paytaxtının rolu o vaxtki Sovet ölkəsinin rəhbərliyi tərəfindən layiqincə qiymətləndirilməyib.
Stalin, eləcə də sonrakı Sovet liderləri Bakıya “Qəhrəman-şəhər” adı vermək qərarına gəlmədilər. Belə yüksək statusa yalnız işğal altında olan və qanlı döyüşlərə meydan olan RSFSR, Belarusiya və Ukrayna şəhərləri layiq görüldü.
Stalinin Azərbaycana şərəfli statusun verilməsinə etiraz etməsini çox zaman onun tərəfdaşı Anastas Mikoyanın adı ilə bağlayırlar. A.Mikoyan Böyük Vətən müharibəsi illərində SSRİ rəhbərliyində əsas mövqelərdən birini tuturdu. Necə deyərlər, bal küpünə qətran qaşığı salan olub.
Amma bir çox tarixçilərin fikrincə Bakı arxa cəbhədə istisna roluna görə “Qəhrəman-şəhər” adına tamamən layiqdir.
Biz azərbaycanlılar unutmamalıyıq ki, bizim babalarımız və ulu babalarımız “Hər şey cəbhə üçün! Hər şey qələbə üçün!” şüarı altında gecə və gündüz zavod və fabriklərdə işləyiblər, cəbhədə vuruşaraq həyatlarını qurban veriblər. Onlar qələbə gününü yaxınlaşdırıblar. Bu qələbədə onların böyük əməyi var. Ona görə də bu bayram bizə onların nəvə və nəticələrinə belə əzizdir.
Bizim paytaxtımız tarixdə “Qəhrəman-şəhər” adlandırılmasa da, Bakı bizim üçün hər zaman qəhrəman şəhər olub və olacaq.
Və bizim ən böyük qələbəmiz irəlidədir!
Gülnarə Zeynalova
www.oxu.az