Dünyanın bir çox ölkələrində ev çatışmazlığı indeksi əmlak bazarının əsas amillərindən biridir.
İndeks mənzilin orta qiymətinin orta əmək haqqına (və ya ailənin orta gəliri) olan nisbəti üzrə hesablanır və ümumi əmək haqqından vergi və xərcləri çıxmadan mənzil almaq üçün neçə il lazım olduğunu ifadə edir.
Oxu.Az “Exo” qəzetinə istinadən bildirir ki, Azərbaycanda şəxsi evə malik olmaq imkanına əlçatmazlıq indeksi 14 ildir.
“Azərbaycanda orta əməkhaqqı 430 manatdır. Bu zaman orta illik maaş Azərbaycanda 5000 manatdır. Əgər nəzərə alsaq ki, Bakıda mənzilin kvadratmetri 1000 manatdır, orta əməkhaqqı alan adam ev almaq üçün 14 il sərf etməlidir.” - deyə İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirib.
Bu indeksin ən aşağı göstəricisi Danimarkadadır:
Rusiya konsaltinq şirkəti “Deloyt” məlumat verir ki, 2012-ci ildə bu cəmi 2,2 ildir. Yəni 70 kvadratlıq, yeni mənzilin qiyməti (unutmayaq ki, Avropada mənzillər istismara tam hazır və təmirli vəziyyətdə verilir) 2,2 ilin orta əməkhaqqı məbləğindədir. Almaniyada bu indeks 2,4 ildir. Qeyd etmək lazımdır ki, bu indeksə baxmayaraq almanlar şəxsi ev almağa tələsmədən, icarəyə götürülmüş evlərdə yaşamağa üstünlük verirlər.
Avropada ən yüksək göstəricilər Böyük Britaniyada və Fransadadır. Polşada bu indeks 7,5 Rusiyada isə 10,1 ildir. Moskvada bu göstərici ümumrusiya göstəricisindən yüksəkdir belə ki, orda indeks 11,5 ildir.
Vüqar Bayramov qeyd edib ki, öz valideynləri ilə yaşayanların sayını hesablamaq çətindir.
“Bu istiqamətdə konkret tədqiqat aparılmayıb. Amma aparılan müşahidələrin nəticəsi olaraq demək olar ki, Azərbaycanda gənc nəslin üçdə biri ata evində yaşayır” – deyə Bayramov qeyd edib.