"Azərbaycanda hüceyrə terapiyası mərkəzi qurulur".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Azərbaycan Televiziyasının "Hədəf" proqramına və "Trend" İnformasiya Agentliyinə birgə müsahibəsində deyib.
Nazirin sözlərinə görə, dünyada aktiv şəkildə tətbiq olunmağa başlayan və bir sıra ağır xəstəliklərin müalicəsində əvəzsiz müalicə üsulu kimi qəbul olunan hüceyrə terapiyası ilə bağlı ölkəmizdə də işlər aparılır.
"Biz bunu çinli həmkarlarımızla birgə Azərbaycanda həyata keçirmək üçün hazırda həmin mərkəzi qururuq. İnanırıq ki, yerli mütəxəssislərimiz də bu prosesə töhfə verəcəklər. Çox sevindirici haldır ki, xaricdə oxuyub ölkəmizə dönən həmvətənlərimiz var. Onlar nəinki adi həkim kimi fəaliyyət göstərirlər, əksəriyyətinin hüceyrə terapiyası sahəsində elmi dərəcələri də var. Lazımi infrastruktur qurulmaqdadır və işə salındıqdan sonra şəkərli diabet, uşaq serebral iflici və dağınıq skleroz kimi xəstəlikləri olan insanlar üçün bir ümid yeri yaradılacaq. Düşünürəm ki, biz bu baxımdan regional ilkə də imza atacağıq".