Azərbaycanda siqaret çəkənlərin sayı artır.
Oxu.Az “Exo” qəzetinə istinadən xəbər verir ki, bu barədə Davamlı İnkişafın Tədqiqatı Mərkəzinin sədri Nəriman Ağayev bildirib.
“Azərbaycanda siqaret çəkənlərin sayının nə qədər artdığını söyləmək çətindir. Bunu ölkədə siqaret satışı üzrə statistikanı araşdıraraq söyləmək olar. Amma ümumi müşahidə sayın artdığına dəlalət edir. Ən çox da narahatlıq yaradan siqaret çəkənlərin yaş həddinin getdikcə aşağı düşməsidir. Keçən əsrdə məktəblilər arasında belə bir sindrom var idi, onlar siqaret çəkməklə özlərini böyüklərə oxşatmaq istəyirdilər. Təəssüf ki, indi də bu tendensiya mövcuddur. Siqaret çəkənlər arasında 13 yaşlı uşaqlar da var. Baxmayaraq ki, ölkədə məktəb yaşlı uşaqlara siqaret satmağı qadağan edən qanun var, amma bu qanuna məhəl verilmir. Uşaqlar mağazalardan çox rahat şəkildə siqaret alıb çəkirlər. Bundan başqa, Azərbaycanda getdikcə daha çox qadın siqaret çəkməyə başlayıb”, - N.Ağayev qeyd edib.
Bu fikri İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov da təsdiqləyib.
O, “Exo” qəzetinə bildirib ki, Azərbaycanda siqaret istehlakının səviyyəsi artıb.
“Azərbaycanda siqaret istehlakının artması ilə yanaşı siqaret çəkən qadınların da sayı artıb. Əgər keçmişdə siqaret çəkənlərin əksər hissəsi kişilər idisə, son illərdə siqaret çəkən qadınların sayı gözəçarpacaq dərəcədə artıb”, - V.Bayramov deyib.