Quba rayonundakı Pirvahid məktəbinin 200-ə yaxın şagirdi yeni dərs ilinə köhnə, qəzalı vəziyyətdə olan binada başlamalı olacaq.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, rayonda şagirdlərini sevindirə bilməyən tək bu məktəb deyil. Hələ də təmirsiz vəziyyətdə olan təhsil müəssisələri var ki, onların sayı 12-dir.
Rayonda 50 məktəbin tikilib istifadəyə verildiyini deyən Quba Təhsil Şöbəsinin müdiri Yusif Abidov həmçinin bildirdi ki, hazırda rayonda bu günün tələblərinə cavab verməyən bir çox məktəb binaları var.
Bu il rayonda 10 məktəbin təmir olunduğunu deyən Yusif Abidov sentyabrın 15-də daha 4 yeni məktəb binasının şagird və müəllimlərin ixtiyarına veriləcəyini dedi.
Şöbə müdirinin sözlərinə görə, rayonda fəaliyyət göstərən bütün məktəblərin kompüter və avadanlıqlarla təchizatında müəyyən problemlər var.
“Hazırda 137 məktəbin hamısını eyni vaxtda kompüter və avadanlıqla təmin etmək mümkün deyil. Bu işlər mərhələli şəkildə həyata keçirilir. Bütün çətinliklərə baxmayaraq 2500-ə yaxın şagird və 3 minə yaxın müəllim heyətilə Qubanın 137 məktəbi yeni dərs ilinə hazırdı”, deyə Yusif Abidov bildirib.