2017-ci ilin gəlişinə bir gün qalıb. Bu gün bayram hazırlıqları ən pik nöqtəsinə çatıb. Kimisi mağazalardakı endirimlərdən yararlanıb hədiyyə alır, kimisi mənzilini sahmana salır, kimisi isə sadəcə Yeni il üçün arzularını siyahıya alır. Amma bayramı qeyd etməyə hazırlaşan hər kəsi bir sual birləşdirir – bayram süfrəsinə nə qoyum?
“ACT Azərbaycan” 29 oktyabr - 2 noyabr tarixlərində Bakı şəhərində Yeni illə bağlı sorğu keçirdib.
Oxu.Az həmin sorğunu təqdim edir:
Bu mövzuda Bakı əhalisi rəngarəngliyə üstünlük verir. Çünki bayram süfrəsində həm milli mətbəx, həm də Avropa mətbəxindən yeməklərə rast gəlmək olar. İstənilən bayramda süfrəni, əlbəttə ki, plov və dolma bəzəyir. Yeni il axşamı da bu təamlar əksər respondentlərin süfrəsində olacaq (plov 84%, dolma 67%). Daha çox “paytaxt salatı” kimi tanıdığımız “Provansal” salatı olmadan Yeni il süfrəsini təsəvvür eləmək olmaz.
Bayram üçün Avropa mətbəxinin bu təamını hazırlayanlar 66% təşkil edir. Bayram süfrəsinin digər əvəzolunması isə tortdur. Yeni ildə ağzını şirin edənlər də 33%-dir. Bayrama turş-məzəlik qatmaq istəyənlər isə ləvəngi hazırlayacaqlar (26%).
Hər 5 respondent 1-i isə süfrəsini balıqla bəzəyəcək (19%). Soyuq qəlyanaltılardan “Şuba” salatı 15% səs toplayıb. Kababsevərlər bu bayram günündə də sevimli yeməklərini unutmayıblar (7%). Yeni il dedikdə, ağıla ilk gələnlərdən biri də şampan şərabıdır. 4% respondent Yeni ilin gəlişini 1 qədəh şampanla qeyd edəcək.
Bəs bayram süfrəsi bakılılara neçəyə başa gələcək?
Bayram süfrəsini minimal xərclə hazırlayanlar (1-50 AZN) sorğuda 12% təşkil ediblər. 28% respondent üçün bu xərc 50-100 AZN arasında dəyişir. Süfrəsinin daha dolu olmasını istəyənlər (101-200 AZN) isə 32%-dir. 11% respondent Yeni il süfrəsi üçün səxavət boxçasını açmağı düşünür. Belə ki, rəyi soruşulan hər 10 nəfərdən biri bayram süfrəsi üçün 201-300 AZN-dən keçməyə hazırdır. Süfrə üçün 500 AZN və daha çox xərc çəkənlər sorğuda cəmi 1% təşkil edib. 11% respondent isə bayram süfrəsinə nə qədər pul xərcləyəcəyinə qərar verə bilməyib.
Sorğu “ACT Azərbaycan” tərəfindən Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4,9%-dir.

E.Ə.
www.oxu.az