"AFEN plazada partlayışa səbəb qaz sızmasının olması ilə bağlı iddiaları indidən səsləndirmək hələ tezdir"
Oxu.Az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev deyib.
O qeyd edib ki, bu kimi iddiaların səsləndirilməsi istintaqın gedişinə maneə kimi qiymətləndirilə bilər:
"Səhər saatlarında - təxminən 9-da AFEN plazada partlayış qeydə alındı. Bütün dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq hadisə yerində istintaqa başladı. "Azəriqaz" İstehsalat Birliyi olaraq da əməkdaşlarımız hadisə yerinə ezam olundu və onlar birliyə aid boru xətlərinin təftişi ilə məşğuldurlar. Həmin binaya qazın verilişi təmin olunmayıb. Həmçinin bina yaxınlığından keçən boru xətlərində də hansısa nasazlıqların olduğu iddiaları səsləndirilir. Bu kimi iddialarin səsləndirilməsi tezdir. Hüquq mühafizə orqanları hadisə yerindədirlər, araşdırma aparırlar. İstintaq işləri icra edilir. Ən doğru məlumat istintaqın yekununda açıqlanacaq. Bu baxımdan müxtəlif iddiaların səsləndirilməsi istintaqın gedişinə maneə kimi qiymətləndirilə bilər".
"Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları paytaxtın Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsindəki binada baş verən partlayışdan sonra yeraltı qaz sızmaları iddiasını araşdırmaq üçün hadisə yerinə cəlb olunublar.
Oxu.Az xəbər verir ki, hazırda qurumun əməkdaşları müxtəlif qurğular vasitəsilə araşdırma aparırlar.
Əraziyə, həmçinin Baş Prokurorluğun əməkdaşları da cəlb ediliblər.
Qeyd edək ki, səhər saatlarında AFEN plazada partlayış baş verib. Bina sahibinin iddiasına görə, partlayışa səbəb bina yaxınlığından keçən magistral qaz kəmərindən sızıntı olub.
Aqil Vəlili