Dünən axşam "Azneft" İstehsalat Birliyinin “28 May” NQÇİ-nin əməkdaşları sinoptiklərin hava şəraitinin pisləşəcəyi ilə bağlı xəbərdarlığından sonra Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) telefonaqramasına əsasən təxliyyə ediliblər.
Oxu.Az-ın məlumatına görə, bunu SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev Report-a bildirib.
O deyib ki, 7 saylı özüldə iddia edildiyi kimi açıq fontan baş verməyib.
Qeyd edək ki, dünən axşam “28 May” NQÇİ-nin 7 saylı özülündə quyunun açıq fontana keçdiyi, işçilərin çoxunun təxliyyə olunduğu barədə məlumat yayılıb.
N.Quliyev bildirib ki, neftçilər SOCAR-ın müəssisə və təşkilat rəhbərlərinə 8 may tarixli telefonaqramına əsasən təxliyyə ediliblər:
“Belə ki, sinoptiklərin məlumatına əsasən, hava şəraitinin dəyişəcəyini, güclü külək əsəcəyini nəzərə alaraq dəniz obyektlərində təhlükəli işlərin görülməsi dayandırılıb, eləcə də əmək normaları çərçivəsində dəniz özüllərindən belə hava şəraitində zəruri sayılmayan əməkdaşların çıxarılması və məsul şəxslərdən ibarət növbətçiliyin təşkil edilməsi təmin olunub".
“Günəşli” yatağındakı 7 saylı dərin dəniz özülünə gəlincə, o qeyd edib ki, orada fontan olmayıb:
“Bu, normal istehsalat prosesidir. Özüldə qazılan 319 saylı quyuda qazma vaxtı gil məhlulunda udulma baş verib, nəticədə qaz təzahürü əmələ gəlib. Quyunun ağzı bağlanıb, quyuağzı parametrlər nəzarət altındadır. Hazırda quyuda qazma işlərinin davam etdirilməsi üçün lazımi tədbirlər görülür.”
14:24
Ötən gün axşam saatlarında “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ-nin 7 saylı özülündə quyunun açıq fontana keçməsi ilə bağlı informasiya yayılıb.
Oxu.Az-ın APA Ecoonmics-ə istinadən verdiyi məlumata görə, bu barədə “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı deyib.
QHT rəhbərinin sözlərinə görə, işçilərin çoxu evakuasiya olunub.
Ekspert əlavə edib ki, “SOCAR-AQŞ” şirkətinin qazma briqadası və “28 May” NQÇİ-nin bəzi işçiləri tərəfindən baş verə biləcək fəsadların qarşısını almaq üçün tədbirlər görülür.
SOCAR-dakı mənbə isə bildirib ki, sözügedən özüldə quyuda qaz sızması baş verib. Mənbə əlavə edib ki, qısa müddət ərazində sızmanın qarşısı alınıb.
SOCAR-dan bildirilib ki, yayılan informasiyalar həqiqəti əks etdirmir: “Açıq fontandan söhbət gedə bilməz. Bu, normal istehsalat təzahürüdür”.
Dövlət şirkətinin rəsmisi onu da qeyd edib ki, işçilərin həyatı üçün heç bir təhlükə yoxdur.
Z.Q.
www.oxu.az