Bakı şəhərində iki küçənin kəsişməsində aşmaq üzrə olan ağacın ərazidən götürülməsi üçün Dövlət Ekoloji Ekspertiza Agentliyinə hər hansı müraciət daxil olmayıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Ekspertiza Agentliyindən məlumat verilib.
Bildirilib ki, mövcud qanunvericiliyə əsasən, qəzalı, qurumuş, xəstəliklərə yoluxmuş yaşıllıqların götürülməsi ilə bağlı torpaq mülkiyyətçiləri (bələdiyyə, yerli və mərkəzi icra hakimiyyəti orqanları) tərəfindən rəy alınması üçün Agentliyə müraciət olunmalıdır:
"Bunun əsasında agentliyin ekspertləri tərəfindən sözügedən ağac və kollara baxış keçirilir, müvafiq rəyin verilməsi məsələsinə baxılır".
Bakı şəhərində iki küçənin kəsişməsində olan ağac aşmaq üzrədir.
Bu barədə Oxu.Az-a sakinlər məlumat veriblər.
Sakinlərin sözlərinə görə, Əbdüləzəl Dəmirçizadə və Qarabağ küçələrində olan ağac əyilib və hər an aşa bilər:
"Ağacın altında maşınlar dayanır, insanlar hərəkət edirlər. Onun aşması nəticəsində həm altından keçən insanlar xəsarət ala, həm də maşınlar zərər görə bilər".
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ağac bioloji inkişafda olduğundan onun götürülməsi yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq rəyi əsasında həyata keçirilə bilər.
Ərazidən fotoları təqdim edirik:
Aygün Mirakif