Bakıda - Nəsimi rayonu, Bakıxanov 42 ünvanında bir müddət əvvəl bir neçə quyu qazılıb.
Oxu.Az-ın xəbərinə görə, sakinlərə bildirilib ki, bu ərazidə 21-ci Polis Bölməsi tikiləcək.
Bu da sakinlər arasında ciddi narazılığa səbəb olub.
Ərazidə yaşayanlar qeyd edirlər ki, bura onların və uşaqlarının istirahəti üçündür. Burada üç bina və 134 ailə var:
“Qapalı həyətdə tikinti aparmaq istəyirlər. Tikinti reallaşsa, uşaqların oynamağa yeri qalmayacaq. Həyətdə olan ağaclar, yaşıllıq isə məhv olacaq. Yeni binanın tikilməsi üçün həyətə ağır texnika cəlb olunmalıdır. Bu isə buradakı yaşayış binalarına ziyan vura bilər”.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının müavini Qurban İsmayılov əməkdaşımızla söhbətində buranın boş ərazi olduğunu və əgər normativlərə uyğun gələrsə, tikintiyə icazə veriləcəyini bildirib.