Azərbaycan HR İnstitutunun təşkilatçılığı, NEQSOL Holding-in baş sponsorluğu, Azersun Holding, Passgage, Enocta, BP, Mega Life, Senswise, Provide Solutions şirkətinin sponsorluğu ilə 28 Fevral tarixində Bakıda ilk dəfə yerli və qlobal şirkətlərin baş icraçı direktorları, insan resursları peşəkarları, dövlət qurumlarının rəsmiləri və sahibkarların iştirakı ilə “World HR Summit 2024” tədbiri keçirilib.
Oxu.Az xəbər verir ki, Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov bildirib ki, “World HR Summit 2024” tədbiri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan 2030: sosial iqtisadi-inkişafa dair növbəti on il ərzində reallaşdırılması planlaşdırılan 5 Milli prioritetdən 3-cüsü olan “Rəqabətli insan kapitalı və Müasir innovasiyalar” prioritetini əsas alaraq dünyada insan resursları üzrə tətbiq olunan yeniliklər, bu sahədə müasir innovasiyalar və texnologiyanın inkişafı, fərqli təcrübələrin dialoqlar, müzakirələr və fikir mübadilələri ilə paylaşılmasını hədəfləyən qlobal Sammitdir. Dünyanın 160-dan çox ölkəsindən 15 000-dən çox şirkət və 5 000-dən çox üzvün olduğu ən böyük korporativ davamlılıq şəbəkəsi olan “BMT-nin Qlobal Sazişi” tədbirin əsas tərəfdaşıdır.
“Müasir İnsan Resurslarının Atası”, “Business Week” tərəfindən “#1 Menecment Guru”, “Fast Company” tərəfindən biznes üzrə dünyanın ən yaxşı 10 yaradıcı insanından biri, “Forbes”də ən yaxşı 5 “Kouç”, “Thinkers50”də dünyanın ən yaxşı biznes mütəfəkkirlərindən biri kimi tanınan “Dave Ulrich” tədbirin açılış mərasimi və panel müzakirələrində iştirak etməklə yanaşı, ilk dəfə Bakıda möhtəşəm masterklass ilə çıxış etmişdir.
Tədbirdə yerli və beynəlxalq şirkətlərin insan resursları üzrə baş direktorları, dünyanın aparıcı konsaltinq şirkətlərinin rəhbərləri, dövlət qurumlarının vəzifəli şəxsləri vahid platformada insan resurslarının idarə olunması sahəsində baş verən son yeniliklər və gələcək gözləntilərdən bəhs etmişlər. Tədbir iştirakçıları qlobal insan resursları trendləri, rəqəmsal insan resursları və süni intellekt, öyrənmə və inkişafın perspektivləri və sairə maraq kəsb edən mövzularla bağlı yeni fikir və təcrübələrə sahib olublar.
Qeyd etmək istəyirik ki, Azərbaycan HR İnstitutu tərəfindən 2022-ci ildə “Baku International HR Forum” və “Baku International CEO Summit”, 2023-cu ildə “Global HR Summit” tədbirləri uğurla həyata keçirilib.
Bakıda “World HR Summit 2024” tədbiri keçirilib - FOTO/VİDEO
Daha çox foto burada: PhotoStock.az
Könül Cəfərli
Rəylər