Bu gün səhər saatlarında “BakıKart” ödənişləri ilə bağlı çətinlik yaşayan şəxslərin ödənişləri artıq sistemə köçürülüb.
Bunu Oxu.Az-a açıqlamasında “MilliÖn” şəbəkəsinin İctimaiyyətlə Əlaqələr və Müştəri Xidmətləri idarəsinin rəhbəri Ülviyyə Əfəndiyeva məlumat verib.
Onun sözlərinə görə, problemə səbəb səhər saat səkkiz radələrində servisin “BakıKart” tərəfindən dayandırılması olub:
“Səhər saat 08:36 radələrində tərəfimizdən ödənişlər serverə köçürülüb. Serverin ünvanı dəyişdirildikdən sonra sözügedən ödənişlər bərpa olub. Əgər həmin ərəfədə ödəniş edən şəxslərdən hansı birində ödənişlər karta köçməyibsə, mütləq bərpadan istifadə etsinlər. Yəni, “MilliÖn” terminallarında bərpa düyməsini basdıqdan sonra kartı oxuyucuya qoymaqla ödənişi dərhal bərpa edə bilərlər. Problem sırf “BakıKart” sistemi ilə əlaqəli olub. Müştərilərimiz çətinlik çəkməsin deyə, 10-12 dəqiqə ərzində biz ödənişləri digər rezerv serverə köçürməklə tamamilə bərpa etmişik”.
10.40
Bu gün səhər saatlarında “BakıKart” ödənişləri ilə bağlı texniki problem yaşanıb.
Bu barədə Oxu.Az-a “MilliÖn” şəbəkəsinin İctimaiyyətlə Əlaqələr və Müştəri Xidmətləri idarəsinin rəhbəri Ülviyyə Əfəndiyeva məlumat verib.
O bildirib ki, səhər saatlarında bu problemdən dolayı çətinlik yaşayan vətəndaşlar “MilliÖn” müştəri xidmətlərinə müraciət etsinlər.
“Mövcud problem artıq aradan qaldırılıb. “BakıKart” ödənişləri ilə bağlı “MilliÖn” müştəri xidmətlərində ödənişin bərpa etmə üsulu vətəndaşlara izah olunacaq. Bununla da onlar səhər saatlarında ödədikləri məbləği kartın balansına yükləyə biləcəklər”, deyə Ü.Əfəndiyeva qeyd edib.
Çekləri götürməyən vətəndaşlar heç də məyus olmasın. Ü.Əfəndiyevanın sözlərinə görə, həmin vətəndaşların da ödədikləri məbləğ kartlarının balansına yüklənəcək:
“Heç bir problem olmayacaq. Əgər kartları varsa, bunu bərpa edə bilərlər və tərəfimizdən ödənişin bərpasına dair qəbzlər də onlara təqdim olunacaq”.
10.08
Bakı sakinləri “MilliÖn” terminallarının işləməməsindən narazıdır.
Bu barədə sosial şəbəkədə paylaşım edilib. Vətəndaşların sözlərinə görə, paytaxtın Yasamal rayonu, H.Cavid prospektində (20 nömrəli məktəb-lisey yaxınlığı) quraşdırılan 2 ədəd “MilliÖn” terminalının heç biri işləmir:
“Aparatlar səhərdən camaatın pulunu götürür, amma karta yükləmir. O qədər adamın bəlkə də onda biri çekini saxlayıb, ödənişini bərpa edəcək. Qalan adamların pulları getdi. İnsanların əsəblərinin korlanması, işə gecikməsi də bir yandan. Bu ilk dəfə deyil, yəqin son da olmayacaq. Bu problemi kimə deyək, necə həll edək? “MilliÖn” çağrı mərkəzini də yığırsan, cavab verən yoxdur”.
“İnşaatçılar” metrostansiyasının çıxışında quraşdırılan “MilliÖn” terminalında da vəziyyət eynidir.
Məsələ ilə bağlı “Oxu.az” “MilliÖn” şəbəkəsi ilə əlaqə saxlamağa çalışdı, lakin rəsmən problem barədə məlumatı dəqiqləşdirmək mümkün olmadı.
Könül Cəfərli