"Yekaterinburqda qətlə yetirilən Ziyəddin Hüseynov evindən çıxarılarkən sərbəst hərəkət edib və bədən xəsarətləri olmayıb".
Oxu.Az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqi Pərviz Cəlilov deyib. O bildirib ki, Ziyəddin Rusiya hüquq-mühafizə orqanları tərəfindən avtomobilə mindirilib və orada işgəncələrlə qətlə yetirilib:
"Ona qarşı fiziki zorakılıq göstərilib və o, həmin xəsarətlərdən maşında ölüb".
Oxu.Az xəbər verir ki, keçirilən mətbuat konfransında Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov qeyd edib ki, Yekaterinburqda azərbaycanlı qardaşların qətlə yetirilməsi ilə bağlı başlanmış cinayət işinin istintaqı Baş prokuror tərəfindən nəzarətə götürülüb.
O bildirib ki, hadisə nəticəsində 14 nəfər saxlanılıb. Onlardan 12 nəfər azərbaycanlı olub: "Hazırda iki nəfər xəstəxanada müalicə olunur. Hadisə zamanı saxlanılaraq işgəncələrə məruz qalan bir nəfər Azərbaycana gəlib. Hazırda cinayət işinin istintaqı davam edir".
Daha çox foto burada: PhotoStock.az
Samir Əli
Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin (FTX) keçirdiyi əməliyyat zamanı iki azərbaycanlının öldürülməsi ilə bağlı Azərbaycan Baş Prokurorluğunda cinayət işi başlanılıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı bu gün Baş Prokurorluqda mətbuat konfransı təşkil olunub.
Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Rusiya FTX Yekaterinburqda azərbaycanlıların yaşadığı evlərdə əməliyyat keçirib. Əməliyyat zamanı iki nəfər öldürülüb, bir neçə nəfər isə xəsarət alıb. Həlak olan şəxslər tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşları - Hüseyn və Ziyəddin Səfərovlardır.
Onların nəşləri iyunun 30-da Bakıya gətirilib, ekspertiza olunub və iyulun 1-də Ağcabədidə dəfn edilib.