"Qlobal miqyasda dayanıqlı inkişaf və müasir urbanizasiya meyarlarının müəyyən edildiyi ən nüfuzlu platforma olan Ümumdünya Şəhərsalma Forumunun gündəliyi və ölkəmizin burada aktiv təmsil olunması həm siyasi, həm də sosial-iqtisadi baxımdan böyük əhəmiyyət kəsb edir".
Bu sözləri Oxu.Az-a açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, Ümumdünya Şəhərsalma Forumu ilk növbədə Azərbaycanın qlobal çağırışlara, dayanıqlı inkişaf və "yaşıl" urbanizasiya tendensiyalarına tam inteqrasiya etdiyini göstərən mühüm bir platformadır:
"Ölkəmizin bu istiqamətdə qazandığı təcrübə və tətbiq etdiyi unikal model isə qlobal arenada ciddi maraqla qarşılanır.
İlk növbədə ona görə ki, Azərbaycan özünün postmünaqişə dövründə dağıdıcılıqdan quruculuğa keçid modeli ilə bu gün dünya şəhərsalma tarixinə tamamilə yeni və görünməmiş bir iradə nümunəsi təqdim edir. Otuz ilə yaxın davam edən işğal dövründə tamamilə dağıdılmış, urbisidə, kultursidə və ekosidə məruz qalmış və vandalizmin fəsadlarını daşıyan torpaqlarımızda aparılan sürətli yenidənqurma işləri müasir memarlığın ən böyük möcüzələrindəndir. WUF platforması vasitəsilə dünya ictimaiyyətinə bir daha nümayiş etdirildi ki, Azərbaycan törədilən barbarlığın izlərini silməklə yanaşı, həm də həmin ərazilərdə sıfırdan ən müasir standartlara cavab verən yaşayış mühiti - Qarabağ və Şərqi Zəngəzurda "Ağıllı şəhər" və "Ağıllı kənd" strategiyası formalaşdırır.
Bu strategiyanın ana xəttinə görə isə Azərbaycanın yeni şəhərsalma strategiyasının nüvəsini innovasiya və ekoloji tarazlıq təşkil edir. İşğaldan azad edilmiş ərazilərimiz isə bir növ qabaqcıl texnologiyaların tətbiq edildiyi pilot zonalar kimi çıxış edir. Ağalı kəndi timsalında uğurla sınaqdan keçirilən "Ağıllı kənd" və Füzuli, Şuşa, Ağdam kimi şəhərlərimizdə tətbiq olunan "Ağıllı şəhər" konsepsiyaları isə idarəetmədə rəqəmsallaşmanı, alternativ enerji mənbələrindən istifadəni və ekoloji təmiz nəqliyyat sistemlərini təmin edir. Paralel olaraq isə azad edilmiş torpaqların "Yaşıl enerji" zonası elan edilməsi, alternativ enerji resurslarından maksimum istifadə bütövlükdə regionun karbon emissiyasını minimuma endirmək hədəfinə xidmət edir. WUF13-ə ev sahibliyi çərçivəsində Azərbaycan məhz bu istiqamətdə özünün praktik direktivlərini kommunikasiya etməyi bacardı. Daha aydın formada desək, həm qarşılaşdığı urbisid və vandalizm faktlarını beynəlxalq tribunadan bir daha diqqətə çatdırdı, həm də bu fəsadların aradan qaldırılmasında nümayiş etdirdiyi güclü quruculuq potensialı ilə dünyaya yeni bir inkişaf nümunəsi təqdim etdi.
Azərbaycanın şəhərsalma yanaşması təkcə texnoloji yeniliklərlə məhdudlaşmır. Prezident İlham Əliyev həm də tarixi və mədəni irsin bərpasına xüsusi həssaslıqla yanaşaraq, ənənələr və müasirliyin sintezi konsepsiyası formalaşdıraraq uğurla realizə etməkdədir.
Şuşa şəhərində aparılan restavrasiya işləri, tarixi abidələrin ilkin görkəminin qorunması ilə müasir infrastrukturun sintezi ölkəmizin məhz bu qəbildən, mədəniyyətə və bəşəri dəyərlərə verdiyi qiymətin bariz göstəricisidir.
Ümumiyyətlə, WUF çərçivəsində əldə olunan nəticələr və aparılan müzakirələr Azərbaycanın şəhərsalma sahəsində tərəfdaşlıq coğrafiyasını genişləndirir. Beynəlxalq ekspertlərin, memar və urbanistlərin rəyləri, cənab İlham Əliyevin rəhbərliyi və vizyonu ilə ölkəmizin tətbiq etdiyi sürətli və keyfiyyətli məskunlaşma modelinin dünyada böhran və münaqişələrdən zərər çəkmiş digər bölgələr üçün də bir master-plan rolu oynaya biləcəyini təsdiqləyir. Bu isə, heç şübhəsiz ki, dövlətimizin iqtisadi qüdrətinin, xalqımızın yaradıcı ruhunun və gələcəyə yönəlmiş strateji baxışının növbəti təntənəsidir".