İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində Agentliyin tabeliyinə verilmiş tibb müəssisələrinin yeni prinsiplərlə maliyyələşməsi ilə əlaqədar olaraq “Pilot layihə çərçivəsində həkimlərin əmək haqlarına əlavələrin və mükafatların hesablanması və ödənilməsi” Qaydalarını təsdiq edib.
İcbari Tibbi Sığorta Agentliyindən Oxu.Az-a verilən məlumata görə, baza hissəsi üzrə həkimlərin əməkhaqları artırılıb.
Belə ki, Ginekologiya doğum, Reanimasiya, Cərrahiyyə, şöbələrində, Endoskopiya ixtisası üzrə çalışan həkimlərin əməkhaqları 540 manat, Uşaq şöbəsində, Uşaq Nevroloji Sanatoriyasında, Fizioterapiya, Terapiya, Vərəm, Yoluxucu xəstəliklər, Poliklinika, Hemodializ şöbələrində çalışan həkimlərin 240 manat, Təcili Tibbi Yardım Stansiyasında çalışan həkimlərin 200 manat, Radiologiya şöbəsinin həkimlərinin 740 manat, Ailə sağlamlıq mərkəzinin həkimlərinin isə 360 manat artırılıb.
Konkret nümunə təqdim edək. Tutalım, cərrahiyyə şöbəsində çalışan cərrah Nazirlər Kabinetinin qərarına əsasən, 228 manat məbləğində əməkhaqqı alır, icbari tibbi sığorta sistemində çalışan cərrahın əməkhaqqı 540 manat artırıldıqda onun maaşı 768 manat məbləğində olacaq.
Şöbə rəhbəri vəzifəsi funksiyalarını yerinə yetirən həkimlərin iş yükünün və gərginliyinin nəzərə alınması məqsədilə onların əməkhaqları qeyd edilən əlavələrin 15%-i həcmində artırılacaq.
Mükafat hissəsinə gəldikdə isə, bu, həkimin gündəlik normativdən yuxarı xəstə qəbul edib-etməməsindən asılıdır. Belə ki, həkimlərin fəaliyyətinin ölçülməsi və pul mükafatlarının verilməsi məqsədilə göstərdikləri tibbi xidmətlərə normativlər tətbiq olunur.
Sözügedən normativlər həkimlər tərəfindən göstərilən fəaliyyətin effektivliyinin kəmiyyət baxımından aşağı və yuxarı həddini müəyyən edir.
Uşaq Nevrologiya sanatoriyasında, Fizioterapiya, Terapiya, Poliklinika, Hemodializ, Uşaq şöbələrində terapevt ixtisası istisna olmaqla digər ixtisaslar üzrə çalışan həkimlər üçün gündəlik normativ minimum 10 pasiyentə, yuxarı normativ isə 20 pasiyentdən yuxarı olmamaq şərtilə tibbi xidmətin göstərilməsidir.
Həkimlər tərəfindən normativlərin aşağı həddini aşaraq göstərilən hər növbəti tibbi xidmətə görə Prezidentin 2016-cı il 28 dekabr tarixi 1181 nömrəli Fərmanı ilə müvafiq tibbi xidmət üçün təsdiq edilmiş tarifin 15%-i həcmində mükafat veriləcək.
Yuxarı normativə əsasən həkimlərə Prezidentin 2016-cı il 28 dekabr tarixi 1181 nömrəli Fərmanı ilə müvafiq tibbi xidmət üçün təsdiq edilmiş tarifin 15%-i həcmində mükafat veriləcək.
Belə ki, fevral ayından etibarən icbari tibbi sığorta sistemində çalışan həkimlərin əməkhaqları iki hissədən ibarətdir: baza hissəsi və mükafat hissəsi.
U.A.
www.oxu.az