Emilya Tağıyeva yazır...
- Finç, mən sona qədər anlamadım. Etibar etmək nə deməkdir? Bunu mənə izah edə bilərsən?
- Etibar etmək, yəni bilirsən, kimə isə etibar edəndə, hmm... Sadəcə etibar edirsən.
Bu dialoq "Finç" filmindəndir. Dahi Finçlə süni intellektli robotu Ceff arasında baş tutan söhbətdən aydın olur ki, Finç heç zaman kiməsə etibar etmədiyindən robotun sualını cavablandıra bilmir. Əslində bu, bizim hamımızın yaşadığı bir şeydir. Yəni başa düşmədiyimiz, hiss etmədiyimiz məsələləri övladlarımıza, yaxınlarımıza izah etmək istəyirik. Nəticədə isə Finçin izahı kimi qarışıq bir şey alınır. Məsələn, uşaqlarımıza telefon, kompüter, televizorun qarşısında çox oturmağın zərərindən danışırıq, amma əlimizdən qadcet düşmür. Onlara hərəkətsizliyin zərərli olduğunu deyirik, evdə qaçıb oynayanda isə deyinirik: aşağı mərtəbədəki qonşular narahat olar, səsin başıma düşür və sair. "Get, sakit bir oyun oyna", - deyirik, bu dəfə də ayağımızın altında qalan oyuncaqlardan, evin tör-töküntülü olmasından şikayət edirik.
Bir də görürsən uşaq məktəbdən, dostlarından, ya da təzə öyrəndiyi hər hansı bir şey barəsində danışmaq istəyir. Bu həvəs də "tərslikdən" baxdığımız serialın, filmin ən maraqlı yerində gəlir. Bizim hövsələmiz daralır, indi məşğul olduğumuzu, bir azdan yaxınlaşmasını deyirik. Nə hikmətdirsə, o "bir azdan" heç cür gəlib çatmır: evin işi, böyüklərin söhbəti, mağazaya getmək və sair... Bir də görürsən yatmaq vaxtıdır. Səhər isə hər şey təkrarlanır.
Bəzən isə çarəsiz sifətlə uşağın danışdığına qulaq asdıqdan sonra "bundansa, get dərsini oxu" deyirik. Bizə "dərslərini hazırladığını" deyəndə isə, "get, təkrarla" ilə başımızdan edirik. Uşaq nə edir? Bizim başımızın qarışdığını görüb, gedir planşetinin, telefonun yanına. Ən maraqlısı burada başlayır; biz əslində onun dərs oxumadığını, başının qadcetə qarışdığını bilirik, amma görməzdən gəlirik (təki əl çəksin); o da bizim bunu bildiyimizi bilir, amma özünü bilməzliyə qoyur, çünki ona da sərf edir. Əminəm ki, ana və övladı arasında bu qarışıq münasibəti heç bir süni intellektli robot başa düşməzdi.
Burda bir haşiyə çıxım. Mən uşağın qadcetlə məşğul olmasının əleyhinə deyiləm. Müasir dövrdə bu mümkün də deyil, hətta övladlarına bunu tamamilə qadağan edənləri də kəskin qınayıram. Amma qadcetə sərf edilən vaxt müddətlə olmalıdır və ailə üzvləri arasındakı ünsiyyəti əvəz etməməlidir. Əks təqdirdə, bir müddət sonra uşağın ən yaxın dostları "Facebook"da, "Instagram"da tanımadığımız insanlar, məsləhətçisi "pinteres"dəki sitatlar, əyləncəsi isə "TikTok"dakı, yaxud "YouTube"dakı videolar olacaq. Bizim onları "qırmağımız" da cavabsız qalmayacaq və sabah bumeranq kimi özümüzə dəyəcək.
Övladımızın həyatı, olan-bitənlə maraqlanmaq istəyəndə isə səmimi münasibətlər üçün artıq gec olacaq. Bu dəfə o, öz istəyi ilə "dərslərini oxumağa" gedəcək, sonra işi olacaq, sonra "boş-boş söhbətlərə" vaxtı olmayacaq və s. Əlbəttə, məsələləri çox şişirtdiyimi düşünə bilərsiniz. Ancaq kiçik bir toxumdan qollu-budaqlı bir ağac yetişdiyini nəzərə alsaq, bir hərəkətimizin də necə bəhrə verə biləcəyini görə bilərik. Yazımın sonunu elə həmin filmdən robot Cefin sözləri ilə bitirmək istəyirəm: "Komanda - uğura gedən yoldur". Biz də bu ömür yolunu uğurla getmək üçün övladımızla bir komandada olmalıyıq.