DOST Mərkəzinin fəaliyyətə başlaması təkcə mənim yox, bir çox vətəndaşların işini daha da asanlaşdırdı. Açığı, vaxt azlığından lazımi sənədlərin əldə edilməsi məni çox narahat edirdi. Lakin DOST mərkəzinə gəldim və tez bir zamanda sənədləri əldə etdim. Mərkəzin gülərüz əməkdaşları mənə bu işdə kömək oldu. Bu mərkəz, həqiqətən də, qısa vaxtda insanların dostuna çevrildi.
Bu fikirləri həmsöhbətim pensiya üçün müraciət edən Yəmən Rəsulova bildirib.
Sosial müdafiə sahəsinin inkişafı hər zaman dövlətin diqqət mərkəzində olan məsələlərdəndir. Bu sahədə həyata keçirilən islahatlar vətəndaşların sosial rifahının daha da yaxşılaşdırılmasına, onlar üçün yüksək səviyyəli həyat şəraitinin yaradılmasına xidmət edir.
Dövlət sosial xidmətlərində tam şəffaflığın, operativliyin, nəzakətliliyin təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunması Azərbaycan Prezidenti İlham Əliyevin sosial siyasətinin əsas hədəflərindən biridir. Elə bu məqsədlə də Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) yaradılıb.
İlk DOST və 132 xidmət
Bu ilin may ayında Azərbaycan Prezident İlham Əliyev və Birinci vitse-pezidenti Mehriban Əliyevanın iştirakı ilə açılmış İlk DOST mərkəzi gün ərzində 400-dən çox vətəndaşa xidmət göstərir.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev DOST Mərkəzinin məqsəd və fəaliyyət istiqamətləri barədə məlumat verərkən bildirmişdi ki, vətəndaş məmnuniyyətinə doğru keyfiyyətcə yeni mərhələ açan DOST layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsüdür.
Bu layihə dövlət sosial xidmətlərinin innovativ təqdimat üzərindən, vahid platformadan, bir pəncərədən, tam şəffaf və operativ, vətəndaş rahatlığı və sadə prosedurlar əsasında göstərilməsinə xidmət edir.
Mərkəz yarandığı gündən indiyə qədər 35 mindən çox vətəndaşa xidmət göstərib. Mərkəzin fəaliyyəti çoxşaxəlidir. Burada “bir pəncərə” prinsipi ilə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində 132 xidmət göstərilir.
Bu xidmətlər arasında “Arayışların verilməsi”, “Əmək münasibətləri”, “Əlillik”, “Məşğulluq”, “Əmək pensiyası və sosial müavinətlər”, “Ünvanlı dövlət sosial yardımı”, “Prezident təqaüdünün təyini”, “Sığortaolunanların uçotu”, “Sosial xidmətlər”, “Yardımçı xidmətlər” və “Psixoloq – loqoped xidmətləri” mövcuddur.
Mərkəz vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə bütün xidmətlərdən “bir pəncərə” prinsipi ilə faydalanmasına imkan verir.
Mərkəzdə vətəndaşlara məsləhət və məlumat xidmətləri də göstərilir, telefon və ya internet vasitəsilə müraciətlərlə əlaqədar xidmətlər də həyata keçirilir. Burada elektron lövhələr və xüsusi işarələr hərəkəti və məlumat əldə olunmasını asanlaşdırır.
Nazirliyin aidiyyəti qurumlarının fəaliyyəti mərkəzdə əlaqəli şəkildə təmin edilib. Əlilliyi olan şəxslərin hərəkət imkanları üçün uyğunlaşma təmin edilib. Xidmətlər vahid standartlar əsasında və bir-birinə inteqrasiya olunmuş şəkildə elektron müstəvidə təqdim olunur.
Qısa zamanda 31 DOST mərkəzi
Vətəndaşları maraqlandıran sualları operativ cavablandırmaq məqsədilə 142 Çağrı Mərkəzi işləyir.
DOST Agentliyinin 2019-2025-ci illərdə Bakıda və digər regionlarda 31 DOST mərkəzi istifadəyə veriləcək. Gələn ildən respublikamızın regionlarında da DOST mərkəzləri şəbəkəsinin qurulmasına başlanacaq.
Bu 31 mərkəz ümumən “bir pəncərə” prinsipi üzrə 2,8 milyon şəxsə xidmət edəcək. Bütün DOST mərkəzləri yaradılıdıqdan sonra isə mərkəzlərdə vətəndaşların qeydiyyat yerindən asılı olmayaraq, müraciət edən hər kəsə xidmətlər göstəriləcək.
DOST mərkəzinin işinin təşkili zamanı vətəndaşların qarşılanması və xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının, növbələrin idarə edilməsində iştirak, vətəndaşların məlumatlandırılması, elektron sistemlərdən istifadə üzrə köməklik, xidmət üzrə sənədlərin siyahısı ilə vətəndaşların tanış edilməsi, müxtəlif ərizə, anket, forma və s. doldurulmasında köməklik, əlillərə xüsusi diqqət və qayğı göstərilməsi, rəy sorğularının keçirilməsi və bir çox başqa işlərdə könüllülərin danılmaz xidməti var.
Hazırda dünya təcrübəsində oxşar layihələr olsa da, DOST mərkəzləri əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə 126 xidmətin “bir pəncərə”dən təqdim edilməsinə imkan verən, əhatə dairəsi geniş olan, innovativ yenilikləri özündə birləşdirən nadir layihədir. Ona görə də DOST mərkəzlərinin ölkəmizin dövlət sosial xidmətləri sahəsində Azərbaycanın yeni brendinə çevriləcəyi gözlənilir.
“Sosial sahə bizim üçün prioritet sahədir”
Prezident İlham Əliyev DOST Mərkəzinin açılışında çıxış edərək bildirib ki, bu yeni agentliyin yaradılması ölkə həyatında mühüm əlamətdar hadisədir və sosial sahə bizim üçün prioritet sahədir:
“Keçən ilin avqust ayında mənim Sərəncamımla DOST Agentliyi yaradıldı və şadam ki, qısa müddət ərzində, heç bir il keçməmiş birinci mərkəz artıq fəaliyyətə başlayır. Bildiyiniz kimi, Bakıda, bütün bölgələrdə bütövlükdə 31 mərkəz yaradılacaq. Vətəndaşlara yüksək xidmət göstərmək üçün burada bütün şərait, bütün imkanlar var.
Bina çox gözəldir, müasirdir, həm xarici görünüşü, həm də dizayn-tərtibat baxımından. Bu, bir daha onu göstərir ki, sosial sahə bizim üçün prioritet sahədir. Hər mərkəzdə təqribən 100-150 iş yeri olacaq, bu da çox önəmlidir. Hər bir mərkəzdə könüllülər qrupu fəaliyyət göstərəcək. Beləliklə, bu mərkəzlər vətəndaşlara yüksəksəviyyəli xidmət etmək üçün gözəl şərait yaradacaqdır.
Sosial sahə bizim üçün prioritet sahədir. Bu sahəyə çox böyük diqqət göstərilir və bu istiqamətdə aparılan islahatlar artıq özünü göstərir. DOST Agentliyinin yaradılması bu istiqamətdə atılmış çox önəmli islahatdır.
Növbəti illərdə bu agentliyin fəaliyyətinin genişləndirilməsi əminəm ki, vətəndaşlar tərəfindən də çox yüksək qiymətləndiriləcək. Beləliklə, bu sahə ilə bağlı bizim siyasətimiz daha da geniş miqyasda və məqsədyönlü şəkildə icra ediləcəkdir. Sosial sahə hər bir ölkə üçün böyük önəm daşıyır. Azərbaycanda da bu sahəyə böyük diqqət göstərilir.
Bizim siyasətimiz sosialyönümlü siyasətdir. Çalışırıq bütün əlavə gəlirlərimizi sosial sahəyə yönəldək ki, vətəndaşların rifah halı daha da yaxşılaşsın, işsizliklə bağlı problemlər daha da yüksək səviyyədə həll olunsun və ölkəmizin dinamik inkişafı təmin edilsin.
Əlbəttə buna nail olmaq üçün, ilk növbədə, iqtisadi inkişaf olmalıdır və biz bu məsələ ilə bağlı ciddi məşğuluq. Qeyri-neft sektorunun, sahibkarlığın inkişafı bir-biri ilə bağlı olan məsələlərdir. Hesab edirəm ki, Azərbaycanda bu istiqamətdə işlər uğurla gedir. İqtisadiyyatımız çoxşaxəli iqtisadiyyata çevrilir.
Bildiyiniz kimi, özəl sektor ümumi daxili məhsulumuzda təqribən 80 faiz təşkil edir. Beləliklə, iqtisadi artım, iqtisadi sahədə aparılan islahatlar, büdcə daxilolmalarının artımı, əlbəttə ki, sosial sahəyə böyük diqqət göstərmək üçün imkan yaradır. Deyə bilərəm ki, bu ilin dörd ayında vergi və gömrük orqanları təqribən 400 milyon manata yaxın əlavə vəsait toplayıblar - 270 milyon manat vergi orqanları, 100 milyon manatdan bir qədər çox gömrük orqanları.
Yenə də şəffaflıq, yenə də islahatlar hesabına. Bu əlavə maliyyə resursu imkan verir ki, biz pensiyaları, maaşları, sosial müavinətləri artıraq və bunu edirik. Bildiyiniz kimi, bu yaxınlarda çox ciddi sosial paket hazırlanıb təsdiqləndi və 3 milyona yaxın insan bu imkanlardan bəhrələnib. Bundan sonra da bu istiqamətdə işlər aparılacaq, minimum əməkhaqqının, minimum pensiyanın artırılması gündəlikdə duran məsələlərdir.
Məşğulluğun inkişafı - yəni, qeyri-qanuni məşğulluqla mübarizə nəticə verir və beləliklə, ölkəmizin iqtisadi və sosial siyasəti bir-biri ilə uzlaşır. Bu, belə də olmalıdır. Ancaq biz bunu tam şəkildə icra etsək, ölkəmizin dayanıqlı uğurlu inkişafı təmin olunacaqdır”.
Əlvan rənglər və qeyri-adi dizayn
Bu ilin sonuna kimi Bakının Nizami və Xəzər rayonlarında yeni DOST Mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. 2020-ci ildən respublikamızın regionlarında da DOST mərkəzləri şəbəkəsinin qurulmasına başlanacaq.
İlk mərhələdə bu mərkəzlərin Gəncə və Sumqayıt kimi böyük şəhərlərdə açılması planlaşdırılır. Bütün DOST mərkəzləri yaradılıdıqdan sonra isə mərkəzlərdə vətəndaşların qeydiyyat yerindən asılı olmayaraq, müraciət edən hər kəsə xidmətlər göstəriləcək.
DOST Agentliyi və 1 saylı DOST mərkəzinin yerləşdiyi binanı Bakının ən gözəl memarlıq nümünələrindən biri hesab etmək olar. Əlvan rənglər və qeyri-adi dizayn istər-istəməz insanın əhvalına xoş təsir edir. Burada əhalinin xüsusi həssas qrupuna xidmət göstərildiyini nəzərə alsaq bu çox önəmli nüansdır.
Mərkəzə daxil olduqdan sonra növbəti diqqət çəkən məqam isə vətəndaşlara operativ və keyfiyyətli xidmət üçün səfərbər olmuş “DOST könüllüləri”nin fəaliyyətidir. Könüllülər burada vətəndaşların qarşılanması və xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının, növbələrin idarə edilməsi, vətəndaşların məlumatlandırılması, elektron sistemlərdən istifadə üzrə köməklik, xidmət üzrə sənədlərin siyahısı ilə vətəndaşların tanış edilməsi, müxtəlif anket, forma və s. doldurulmasında köməklik, əlillərə xüsusi diqqət və qayğı göstərilməsi, rəy sorğularının keçirilməsi və bir çox başqa işləri yerinə yetirirlər.
“Könüllü DOST”
Son illər ölkəmizdə könüllülük hərəkatının genişlənməsi cəmiyyətimizə bir sıra mühüm töhfələr verir. Digər qurumlarla yanaşı, DOST Agentliyində də könüllülər fəaliyyət göstərir. Onlar əsasən 3 istiqamətdə fəaliyyət göstərir: gənclər (“Gənc DOST” alt proqramı), ahıl şəxslər (“Gümüşü DOST” alt proqramı) və onlayn könüllülər (tezliklə elan ediləcək “Virtual DOST” alt proqramı).
“Könüllü DOST” proqramına ictimai iştirakçılığın təşkili, könüllü hərəkatına dəstək, gənclər siyasətinə dəstək, dövlət-vətəndaş münasibətlərinin inkişafı, yüksək keyfiyyətli xidmət, gənclərin əmək bazarına hazırlığı və fəal yaşlanmanın təmin olunması daxildir.
Proqram özündə dövlətçilik və vətənpərvərlik, ictimai-sosial məsuliyyətlilik, birlik və əməkdaşlıq, qayğıkeşlik və yardımsevərlik prinsiplərini əks etdirir.
Əlilliyi olan şəxslər üçün lazımi şərait yaradılıb. Xidmətlər vahid standartlar əsasında və bir-birinə inteqrasiya olunmuş şəkildə elektron müstəvidə təqdim olunur. DOST mərkəzlərində proaktiv xidmətlər də göstəriləcək, vətəndaşlara bu və ya digər sosial hüquqları barədə məlumat veriləcək.
Yazı Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim edilir.
İlhamə Xankişiyeva