İyulun 9-u axşam saatlarında Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, ailə üzvləri vaxtında evi tərk etdiklərindən yanğın xəsarətsiz ötüşüb, ev isə yaşayış üçün yarasız hala gəlib.
Yanğın hadisəsi Cəlilabad Şəhər Vüqar Mürsəlov küçəsi ev 80 ünvanında, Həsənov Natiq Xalıq oğluna məxsus fərdi yaşayış evində qeydə alınıb.
Yanğın nəticəsində ümumi sahəsi 56 kv.m olan 1 mərtəbəli 2 otaq və 1 eyvandan ibarət evin dam örtüyünün yanar konstruksiyaları və içindəki əşyalar tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
Hadisə yerinə dərhal FHN-nin Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunublar. Yanğının qonşu evlərə keçməsinin qarşısı alınıb. İlkin ehtimala görə yanğının baş verməsinə səbəb evdəki elektrik naqillərində baş vermiş qısaqapanma olub.
Yanğın zamanı evdə 3-ü uşaq olmaqla 6 nəfərdən ibarət ailə üzvü olub.
Xoşbəxtlikdən yanğından vaxtında xəbər tutan Həsənovlar ailəsi evi tərk edə biliblər. Maraqlısı isə odur ki, yanğın zamanı evdəki bütün əşyalar yansa da, müqəddəs Qurana yanğın heç bir təsir etməyib.
Yarı yanmış çamadanın içində olan müqəddəs kitabın bir səhifəsi belə yanmayıb. Yanğın hadisəsi ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.