Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Corc Vaşinqton Universitetinin professoru: "Azərbaycan bərpaolunan enerji gücünü artırıb"
"Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" hər il Bakıda keçirilən və qlobal enerji sektorunun əsas oyunçularını bir araya gətirən əhəmiyyətli tədbirdir. Bu, sənaye liderlərinin innovasiyaları müzakirə etmələri, strateji tərəfdaşlıqlar qurmaları və investisiya imkanlarını araşdırmaları üçün vacib bir platformadır".
Bunu Corc Vaşinqton Universitetinin qonaq professoru, bərpaolunan enerji üzrə ekspert Orxan Kərimzadə Bakı Enerji Həftəsi ilə bağlı fikirlərini Oxu.Az-a açıqlayarkən deyib. O bildirib ki, tədbir Azərbaycanın bərpaolunan enerjiyə keçidi, regional və beynəlxalq enerji təhlükəsizliyindəki rolunun artması fonunda mühüm əhəmiyyət kəsb edir:
"Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın enerji sektorundakı inkişafını və töhfələrini, xüsusilə yaşıl enerji və davamlılıq sahəsində apardığı uğurlu siyasəti vurğulayıb. O, Bakıda keçiriləcək COP29 konfransın Azərbaycanın enerji keçidi, yaşıl inkişaf və ətraf mühit təşəbbüslərini nümayiş etdirmək üçün vacib platforma olaraq əhəmiyyətindən danışıb. Bununla da Prezident Azərbaycanın regional təhlükəsizliyə, iqlim dəyişikliyi və ətraf mühit problemlərinin həllində beynəlxalq əməkdaşlığa olan sadiqliyini bir daha təsdiqləyib.
Dövlət başçısı Azərbaycanın enerji sektorundakı strateji inkişafını və qlobal enerji bazarlarındakı rolunu əks etdirən bir neçə əsas məqama toxunub. Prezident 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi"nin tarixi əhəmiyyətini və bu müqavilənin bp ilə Azərbaycanın uğurlu əməkdaşlığının başlanğıcını qoyduğunu bildirib. Bu tərəfdaşlıq 30 illik uğurlu əməkdaşlıqla yadda qalıb və bp strateji tərəfdaş olaraq qalmağa davam edəcək.
Müqavilənin imzalanmasından sonra üç il ərzində "Çıraq" platformasında neft hasilatına başlanması sənaye tarixində rekord nəticədir. Bu əməkdaşlıq Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri kimi kritik infrastrukturun yaradılmasına səbəb oldu və Azərbaycanın sənaye inkişafı üçün yeni imkanlar açdı.
Bundan əlavə, "Şahdəniz" qaz layihəsi Azərbaycana qaz idxalını dayandırmağa və böyük bir ixracatçı olmağa imkan verdi. Bu, inkişaf ölkənin enerji təhlükəsizliyi və iqtisadi inkişafı üçün çox vacib idi. Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan hazırda səkkiz ölkəyə qaz ixrac edir və bir neçə ölkə ilə danışıqlar aparır. Biz bu illər ərzində qaz idxal edən ölkədən Avropa üçün ən etibarlı qaz idxalçısına çevrilmişik. Bu inkişaf Azərbaycanın qlobal arenada etibarlı enerji tərəfdaşı rolunun bariz nümunəsidir. Ölkə son 30 il ərzində bütün müqavilə öhdəliklərini tam yerinə yetirərək, enerji sektorunda güclü etibar qazanıb".
Orxan Kərimzadə qeyd edib ki, Azərbaycan bərpaolunan enerji gücünü əhəmiyyətli dərəcədə artırmaq üzrədir:
"Prezident Azərbaycanın qalıq yanacaqlardan bərpaolunan enerji mənbələrinə keçidinin vacibliyini diqqətə çatdırdı. Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanda üç Günəş enerjisi stansiyasının tikintisinə yatırdığı investisiya bu keçidin bariz nümunəsidir. Azərbaycan bərpaolunan enerji gücünü əhəmiyyətli dərəcədə artırmaq üzrədir. Prezident Əliyev keçən il "Masdar" şirkəti tərəfindən 230MVt gücündə Günəş enerjisi stansiyasının istismara verilməsini və əlavə 1GVt bərpaolunan enerji gücünün əlavə olunacağını qeyd etdi. Bu genişlənmə, sadəcə, Günəş, külək layihələrini əhatə edir. Bundan əlavə, Şərqi Zəngəzur regionunda olan hidroenerji layihələrini də nəzərə alsaq, Azərbaycanın qarşısına qoyduğu məqsədlərə çatması çox realdır.
Həmçinin, keçən il qəbul olunan "Energetika haqqında" və "Elektroenergetika haqqında" qanunlarında olunan dəyişikliklər yaşıl enerjiyə keçid prosesini daha da sürətləndirməyə hesablanıb. Bütün bunlar təbii qaza qənaət etməyə və ölkənin bərpaolunan enerji hasilatını gücləndirməyə kömək edəcək.
İqlim dəyişikliyi problemlərinin həllində beynəlxalq əməkdaşlıq mütləqdir. Prezident İlham Əliyev iqlim dəyişikliyinin Azərbaycana təsirini, xüsusilə də Xəzər dənizində su səviyyəsinin azalmasını qeyd edib. Bunun əsas səbəblərindən biri Xəzər dənizini qidalandıran çayların sularının effektiv idarə olunmamasıdır. Bu çayların mənbələri bizimlə qonşu ölkələrdədir və bu problemin həlli yalnız ortaq səylərimiz nəticəsində mümkündür. İqlim problemlərinə həll yolları axtarmaq üçün Azərbaycanın təşəbbüsü ilə BƏƏ və Braziliya ilə birlikdə formalaşdırılan üçlük formatına böyük ümidlər var. Azərbaycanın səyləri, həmçinin, iqlim dəyişikliyi ilə üzləşən ada dövlətlərini dəstəkləməyi əhatə edir və bu da ölkənin qlobal ekoloji idarəetmə və enerji bazarında öhdəliyini nümayiş etdirir".
Professor bildirib ki, COP29 tədbirinə ev sahibliyi Azərbaycanın enerji keçidi və dayanıqlılıq sahəsində nailiyyətlərini nümayiş etdirmək üçün gözəl şansdır:
"Prezident, eyni zamanda, bu il ev sahibliyi edəcəyimiz COP29 sammitinin əhəmiyyəti haqqında danışdı. Bu tədbir Azərbaycanın beynəlxalq səhnədə artan rolunu və iqlim məsələlərinin həllinə diqqətini əks etdirir. Sammit Bakıya onminlərlə qonaq gətirəcək və bu, Azərbaycanın enerji keçidi və dayanıqlılıq sahəsində nailiyyətlərini nümayiş etdirmək üçün gözəl şansdır. Belə bir böyük tədbirə ev sahibliyi etmək Azərbaycanın çoxtərəfli danışıqlarda etibarlı tərəfdaş kimi nüfuzunu və qlobal iqlim həllərinə töhfə vermək öhdəliyini təsdiqləyir".
Almaz Qasımova
"COP29" teqi üzrə xəbərlər
- COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb
- Qalib xalqın, qalib dövlətin rəhbəri: Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT
- COP29 ərəfəsində Azərbaycana qarşı təbliğat aparacaq veb-səhifələr yaradılıb - HESABAT