Bir qrup insan dəfn üçün müavinəti ("dəfn pulu") necə əldə edəcəyini bilmir.
Oxu.Az-ın "Qanun nə deyir?" adlı rubrikasının bugünkü mövzusu "dəfn pulu"nun alınması ilə bağlıdır.
Müavinətin alınma qaydası necədir?
Müavinəti Azərbaycan vətəndaşları, eləcə də ölkə ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər ala bilərlər.
Belə ki, dövlət qulluqçularına ömürlük, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə verilən müavinətlərdən biri təyin edilmiş, "İşsizlikdən sığorta haqqında" Qanuna uyğun olaraq işsizlikdən sığorta ödənişini alan və sığortaolnan şəxslər vəfat etdikdə - 600 manat, əmək pensiyaçıları vəfat etdikdə - əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində müavinət alırlar.
Müavinət müraciət müddətindən asılı olmayaraq, vəfat etmiş şəxsin dəfni ilə bağlı xərcləri öz üzərinə götürən şəxsə ödənilir.
Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, "DOST" mərkəzinə və ya "Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər.
Hansı sənədlər lazımdır?
Sosial müavinət alanlara münasibətdə: Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti; Vəfat etmiş şəxsin ölüm haqqında şəhadətnaməsinin surəti; Dəfn müavinətinin alınması üçün Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin arayışı; Dəfni təşkil edən şəxs barədə 2019-cu il martın 1-dək vəfat etmiş şəxslərə münasibətdə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı, 2019-cu ilin martın 1-dən sonra vəfat etmiş şəxslərə münasibətdə bələdiyyənin arayışı.