Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
DİM oktyabrın 6-da taksi sürücüləri üçün növbəti dəfə imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 6-da xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti dəfə imtahan keçirəcək.
Oxu.Az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, həmçinin avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin xüsusi hazırlığının nəticələrinin qiymətləndirilməsi məqsədilə də imtahanlar təşkil olunacaq.
İmtahanda iştirak etmək istəyən hazırlıq keçmiş şəxslər ilk növbədə DİM-in internet saytında (https://ekabinet.dim.gov.az/) "Şəxsi kabinet" yaratmalı (kabineti olmayanlar) və oktyabrın 1-i saat 10:00-dək müvafiq olaraq aşağıdakı xidmətlər vasitəsilə qeydiyyatdan keçməlidirlər:
1. Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat
https://exidmet.dim.gov.az/elimt/SurucuTest
2. Beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlığı və yenidən hazırlığının qiymətləndirməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat
https://exidmet.dim.gov.az/elimt/BeyYukSurucuTest
3. Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığı və yenidən hazırlığının qiymətləndirməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat
https://exidmet.dim.gov.az/elimt/AvtOperTest
"Şəxsi kabinet"in yaradılması və hesaba lazımi vəsaitin əlavə olunması qaydaları ilə bağlı təlimatlar yuxarıdakı keçidlərə yerləşdirilib.
İmtahanda iştirak ödənişlidir. Namizədlər "Şəxsi kabinet" yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
Test imtahanları Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 108. TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək. Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3-4 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə çap edə biləcəklər.
İmtahanların davametmə müddəti 1 saatdır. İmtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı, avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyəti operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim ediləcək.
Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq sərnişin və yük daşımaları fəaliyyəti operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim ediləcək.
Rəylər