"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı"na sənəd qəbulu prosesində ilk dəfə süni intellekt texnologiyalarının tətbiqinə başlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib:
"2026/2027-ci tədris ili üçün Dövlət Proqramına müraciət edən namizədlərin sənədlərinin ilkin yoxlanılması mərhələsində süni intellekt əsaslı həllərdən istifadə edilir. Yeni yanaşma müraciətlərin daha operativ emal olunmasına, sənədlərdəki texniki uyğunsuzluqların qısa müddətdə müəyyənləşdirilməsinə və qiymətləndirmə prosesinin səmərəliliyinin artırılmasına imkan yaradır".
Bildirilib ki, süni intellekt texnologiyalarının tətbiqi insan resurslarına düşən iş yükünü də əhəmiyyətli dərəcədə azaldır. Bununla yanaşı, proseslərin daha çevik və effektiv idarə olunmasına şərait yaradaraq Dövlət Proqramına qəbul mexanizminin müasir texnoloji həllərlə təkmilləşdirilməsinə töhfə verir.