Sumqayıt şəhəri, 76-cı məhəllədə yaşayan sakinlər ərazidə marşrut xəttinin və istirahət parkının olmamasından şikayətlənirlər.
Vətəndaşlar bildirirlər ki, hər gün avtobusa minmək üçün 4 kilometrə yaxın yol qət etmək məcburiyyətində qalırlar.
"Yaşadığımız ərazidə 100-200-ə yaxın ev olsa da, marşrut xəttimiz yoxdur. Əhalinin çox hissəsi yaşlı adamlardır və uzaq məsafəni qət edə bilmirlər. Dincəlmək üçün oturmağa bir yerimiz belə yoxdur. Hər yerə piyada gedib-gəlirik. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsək də, şikayətimizə baxan yoxdur", - sakinlərdən biri söyləyib.
Məsələ ilə bağlı narazılığını bildirən digər bir sakin isə xərclərin çoxluğundan və tələbələrin çəkdiyi əziyyətdən danışıb:
"Hər gün buradan nə qədər şagird və tələbə dərsə piyada getmək məcburiyyətində qalır. Maddi imkanı olanlar taksi tutur, bizim kimi imkanı olmayanlar isə piyada gedirlər. Xəstə adamlarıq, niyə 50 qəpiklik yola 5 manat verməliyik?!".