Son illər Azərbaycanda dilin statusu və işlədilməsi ilə bağlı fundamental sənədlər qəbul olunub.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu media üzrə ekspert Qulu Məhərrəmli, Azərbaycan Dil Qurumunun təşkil etdiyi dəyirmi masada deyib.
Azərbaycanda “Dil haqqında” qanunun, dilin qloballaşma şəraitində işlənməsi ilə bağlı dövlət proqramının və bununla bağlı prezident sərəncamının qəbul olunmasını mühüm addım adlandıran ekspert, dilin qorunması ilə bağlı təşəbbüslərin ortaya atıldığını deyib:
“Bütün dövrlərdə dilin daşıyıcısı xalq olub. Dilin qorunması uğrunda mübarizəni ona görə aparırıq ki, bu dildə danışırıq. Bu dilə ögey baxan insan, həm də xalqın tarixinə və mədəniyyətinə xor baxır”.
Onun sözlərinə görə, bu gün həm Bakıda, həm də ucqarlarda dilə ikili münasibət mövcuddur:
“Bakıda hər 10 nəfərdən 7-8 nəfəri rus dilində danışır və bununla özlərini kübar göstərməyə çalışırlar. Bu da yaramaz bir yanaşmadır. Burdan da belə təsəvvür yaranır ki, dili qorumaq ancaq aşağı təbəqələrin işidir. Azərbaycan dövləti 20 ildən çoxdur müstəqil olmasına və Azərbaycan dilinin rəsmi dil elan olunmasına baxmayaraq, dilin işlədilməsinə yanaşma və münasibət də arzu olunan səviyyədə deyil”.
Ekspert, ölkə mediasının dilə göstərdiyi münasibəti də tənqid edib: “Bu gün KİV-lərin dilimizin saflığı uğrunda hansı mövqedə dayandığını müəyənləşdirmək olmur. Dilin qorunması ilə bağlı dövlət proqramı qəbul olunsa da, bunun tətbiq edilməsi üçün bir mexanizm yoxdur. Bunun da səbəbi qanunvericilikdə olan boşluqlarla bağlıdır. Əgər istək olmasa, bu proqramı icra etmək mümkün olmayacaq. Bu gün bəzi nazir, nazir müavinləri və icra hakimiyyəti orqanları arasında fərqli yanaşmalar var. Bəziləri deyir ki, bu bir sənəddir də, qəbul olunub. Bəziləri isə bu qərarın qəbulunu böyük sevinclə qarşılayırlar. Azərbaycan mətbuatının və ədəbi sahəsinin dillə bağlı rolu çox zəifdir. Yazıçılarımız dil uğrunda mübarizədə bir neçə addım geri çəkiliblər”.