“İlkin baxışlara görə, Sumqayıt şəhərində yerləşən yanğın hadisəsinin baş verdiyi şadlıq evində təmir işləri gedirdi. Hazırda yanğının başvermə səbəbləri araşdırılır”.
Bu fikirləri “Report”a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi polkovnik Tahir Quliyev deyib.
Onun sözlərinə görə, bu gün 14:40 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən şadlıq evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub: “Təxminən üç dəqiqədən sonra bölmələrimiz hadisə yerinə çatıblar. Yaxınlıqda yerləşən yanacaqdoldurma məntəqəsi yanğından mühafizə olunub. Təxminən 30 dəqiqə ərzində yanğının qarşısı alınıb”.
T.Quliyev bildirib ki, yanğın nəticəsində FHN-in əməkdaşlarından və vətəndaşlardan xəsarət alan yoxdur.
16:11
Sumqayıt şəhərində yerləşən məşhur şadlıq saraylarından birində baş verən yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Verilən məlumata görə hadisə zamanı xəsarət alan olmayıb.
6:02
Sumqayıt şəhərində yerləşən məşhur şadlıq saraylarından birində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin çevik müdaxiləsi sayəsində havanın küləkli olmasına baxmayaraq yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
15:01
Sumqayıt şəhərində, 10-cu mikrorayonda yerləşən ən böyük şadlıq saraylarından biri yanır.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Dövlət Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri əraziyə cəlb olunub və yanğını söndürməyə çalışırlar.