Son günlər əmək pensiyaçılarının plastik kartlarının dəyişdirilib-dəyişdirilməyəcəyi ilə bağlı əhali tərəfindən Dövlət Sosial Müdafiə Fonduna (DSMF) çoxsaylı müraciətlər daxil olub.
Oxu.Az-a DSMF-dan verilən məlumata görə, pensiyaların ödənilməsi bu məqsədlə elan olunmuş tenderdə qalib gəlmiş banklarla bağlanmış müqavilələr əsasında həyata keçirilir və xidmət müddəti davam etdiyindən bankomatlardan və plastik kartlardan istifadənin dəyişdirilməsi ilə bağlı heç bir narahatlığa əsas yoxdur.
“Əmək pensiyaçıları öz pensiyalarını əvvəlki qaydada kartlarının aid olduğu banklardan almağa davam edəcəklər” - deyə, fonddan bildirilib.
Qeyd edək ki, bu ilin iyul ayının əvvəlindən etibarən respublikada bütün sosial müavinət və təqaüdlərin bankomatlar vasitəsilə ödənilməsi xidməti tenderdə qalib gələn “Kapital Bank”a həvalə olunub.
İndiyədək sosial müavinət və təqaüdlərini Azərbaycan Beynəlxalq Bankının bankomatlarından alan vətəndaşlar bundan sonra həmin vəsaitləri “Kapital Bank”a məxsus bankomatlardan qəbul edəcəklər.
Bununla əlaqədar olaraq rayon (şəhər) ƏSMM-ləri tərəfindən “Kapital Bank”ın rayon (şəhər) filiallarına qeyd olunan vətəndaşlar üçün plastik ödəniş kartlarının hazırlanması və onlara təqdim olunması barədə sifarişlər verilib.
Bu ilin iyul ayı üzrə sosial müavinət və təqaüdlərin ödənilməsi başlanan vaxta qədər, yəni iyulun 20-dək artıq plastik ödəniş kartları tam hazır olub. Hazırda müvafiq şəxslər şəxsiyyət vəsiqələrini “Kapital Bank”ın aidiyyəti rayon (şəhər) filiallarına təqdim edərək plastik ödəniş kartlarını əldə edirlər.
Ülviyyə R. Əli
www.oxu.az