Gəncə şəhərində sərnişin ilə sürücü arasında mübahisə yaranıb.
Bu barədə Oxu.Az-a sərnişinlər məlumat veriblər.
Sərnişinlərin sözlərinə görə, sürücü nəqliyyat vasitəsini dayanacaqda saxlamayıb, vətəndaşlar etiraz etdikdə isə onları təhqir edib:
"Gəncə şəhərində fəaliyyət göstərən 77-JZ-493 nömrə nişanlı, 4 nömrəli marşrut avtobusunun sürücüsü Gülüstan qəsəbəsində dayanacaqda maşını saxlamadı. Bundan sonra dayanacaqda düşmək istəyən sərnişin ilə sürücü arasında mübahisə baş verdi. Sürücü də səs tonunu qaldıraraq dayanmayacağını deyir, sonra təhqiramiz ifadələr səsləndirməyə başlayır".
Oxu.Az-a açıqlamasında "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, hadisə ilə bağlı araşdırma aparılıb:

"Bu gün saat 13:30-da "BakuBus" MMC-nin istismarında olan, Gəncə şəhərində 4 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusların birində, Nəriman Nərimanov prospekti 636 ünvanında sürücü ilə sərnişin arasında insident baş verib.
Hadisə ilə bağlı operativ araşdırma aparılıb və müəyyən edilib ki, sürücü tərəfindən sərnişindaşıma qaydalarının pozulması halı qeydə alınıb.
Baş vermiş hal ilə əlaqədar sürücü barəsində intizam tənbehi tədbirinin tətbiqi nəzərdə tutulub.
Nəzərinizə çatdırırıq ki, "BakuBus" MMC sərnişinlərin təhlükəsizliyi və xidmət keyfiyyətini daim prioritet hesab edir. Bu kimi halların qarşısını almaq məqsədilə davamlı olaraq sürücülərlə profilaktik işlər aparılır, intizam və məsuliyyət mövzularında mütəmadi təlimlər təşkil olunur.
Yaşanan narahatlığa görə sərnişinlərimizdən üzr istəyir, həmçinin gələcəkdə xidmət keyfiyyətinin daha da artırılması üçün sıx əməkdaşlığa dəvət edirik".
Aygün Mirakif