Bu həftədən etibarən şəxsi istifadə üçün Azərbaycana mal gətirilməsi qaydası sərtləşdirilib.
Belə ki, Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda etdiyi dəyişikliyə əsasən, ölkənin gömrük ərazisinə ayda bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarından artıq olmayan mallar gömrük rüsumundan azaddır. İndiyə qədər bu şərt ümumi gömrük dəyəri 1500 ABŞ dollarından (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dollarından) artıq olmayan mallara aid edilirdi.
Həmçinin, beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallara görə gömrük rüsumu tutulmayacaq. İndiyə qədər bu məbləğ 1 000 ABŞ dolları idi.
Bu dəyişikliklər elan olunan gündən müxtəlif ekspertlər, millət vəkilləri, sahibkarlar qərarın mənfi və müsbət tərəflərini müzakirəyə çıxarıblar.
Qərarı müsbət tərəfdən qiymətləndirən şəxslərin fikrinə görə, bir çox xarici ölkələrdə bənzər qərarlar qəbul olunur və bu, daxili sahibkarlığın inkişafına istiqamətlənib. Lakin, istənilən halda yeni qaydaların icra olunması sahəsində vətəndaşların rahatlığının təminatı əsas məqsəd olaraq qalmalıdır.

Əks fikir səsləndirənlər isə əsas arqument kimi bir sıra malların Azərbaycanda daha baha olması və ölkə xaricindən sifariş olunmasının daha sərfəli olmasını bildirirlər.
“Report” müxtəlif məhsulların qiymət fərqi ilə bağlı infoqrafika hazırlayıb: