Yay mövsümündə havaların kəskin istiləşməsi ilə günvurma halları əsas problemlərdən biridir. Xüsusilə günün ən isti saatlarında açıq havada uzun müddət qalan insanlar bu risklə daha çox qarşılaşırlar. Günvurma vaxtında müdaxilə edilmədikdə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Bəs günvurma necə baş verir, hansı əlamətlərlə özünü göstərir, ondan necə qorunmaq lazımdır və belə hallarda ilk yardım necə göstərilməlidir?
Mövzu ilə bağlı Oxu.Az-a danışan həkim-infeksionist Mərdan Əliyev bildirib ki, yay aylarında tez-tez rast gəldiyimiz "günvurma" və "istivurma" anlayışları bir-birindən fərqli hallardır:

"Günvurma birbaşa Günəş şüalarının təsiri nəticəsində baş verir. Günəşin şüaları baş nahiyəsinə təsir edərək beyni qızdırır. Nəticədə baş beynin normadan artıq qızması onun funksiyasının pozulmasına səbəb olur. Bu zaman huşun itməsi, bədən hərarətinin yüksəlməsi, halsızlıq, başgicəllənmə, başağrısı, ürəkbulanma və qusma kimi əlamətlər müşahidə oluna bilər.
İstivurma isə orqanizmin istiliyi xaric etmə funksiyasının pozulması ilə əlaqədardır. Məsələn, isti havada uzun müddət fiziki iş gördükdə, çox hərəkət etdikdə və ya qalın geyimdə olduqda bədən istiliyi lazımi səviyyədə xaric edə bilmir. Nəticədə orqanizmin temperaturu yüksəlir və yenə də hərarətin artması, halsızlıq, ürəkbulanma, qusma, başağrısı və başgicəllənmə kimi əlamətlər meydana çıxa bilər".
"Bu hallardan qorunmaq üçün günün ən isti saatlarında - təxminən saat 11:00-dan 17:00-18:00-dək birbaşa Günəş altında uzun müddət qalmamaq tövsiyə olunur. Çöldə olmaq zəruridirsə, açıq havada az qalmaq, baş geyimindən istifadə etmək, bol maye qəbul etmək və yüngül, sərin geyimlər geyinmək vacibdir.
Əgər günvurma və ya istivurma keçirmiş bir şəxslə qarşılaşsaq, onu dərhal sərin və havalı yerə aparmaq, üst geyimlərini çıxarmaq, vəziyyəti imkan verirsə, su içirmək, bədənini sərin su ilə silərək temperaturunu aşağı salmağa çalışmaq lazımdır. Bu tədbirlər şəxsin vəziyyətinin normallaşmasına kömək edir", - deyə həkim əlavə edib.