Zaqatala rayonunun Car kəndinin ərazisindən axan Bəkməz çayının üzərində salınan körpü iyulun 7-si və 8-də çaya sel gəlməsi nəticəsində qəzalı vəziyyətə düşüb.
Məsələ ilə bağlı sakinlər narazılıqlarını Baku TV ilə bölüşüblər.
"Hər dəfə sel gələndə əziyyət çəkirik. Bizi bu əziyyətdən qurtarsaydılar, çox minnətdar olardıq. Qəzalı körpünün üstündən keçib gedirik", - sakinlərdən biri söyləyib. Digər bir vətəndaş isə qeyd edib ki, mövcud vəziyyət gediş-gəlişi xeyli çətinləşdirib:
"Hər şey bərbad vəziyyətdədir. Aşağıdan gəldiyimiz alternativ yol da həm çox uzaqdır, həm də bərbad haldadır. Oradan hərəkət etmək çox çətindir".