Suraxanı rayonunda Hövsan qəsəbəsinin sakinləri qəsəbə ərazisində fəaliyyət göstərən marşrut avtobuslarından şikayətçidirlər.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.
Qeyd edilib ki, qəsəbə sakinlərinə xidmət göstərən 132 saylı marşrut avtobusları yararsız vəziyyətdədir. Bundan əlavə, avtobusların hərəkət intervalı həddindən artıq uzun olduğundan sərnişinlər dayanacaqlarda uzun müddət gözləməli olurlar.
Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, avtobusların fəaliyyəti hərəkət intervalına uyğun şəkildə tənzimlənir.
"Lakin avtobusların hərəkət etdiyi küçə və prospektlərdə yaranan nəqliyyat sıxlığı intervalın artmasına səbəb olur. Daşıyıcıya marşrut xəttinin nizamlı fəaliyyətinin təmin edilməsi, avtobus sayının sərnişin tələbatına uyğun tənzimlənməsi, nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılması ilə bağlı tapşırıqlar verilib. Daşıyıcı tərəfindən 132 nömrəli marşrut xəttindəki avtobusların yenilənməsi nəzərdə tutulub", - deyə məlumatda bildirilib.