Bakı şəhərində iriqabaritli avtomobil sahiblərinin yeraltı parkinqlərdən istifadə edə bilməməsi müəyyən suallar yaradıb.
Oxu.Az-xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Qeyd olunub ki, pikap sahibi olan sürücülər yeraltı parkinqlərdən istifadə edə bilmirlər, nəticədə cərimələnirlər. Sürücülər bunu istehlakçı hüququnun pozulması kimi dəyərləndirirlər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qabaritləri qeyri-standart böyük olan nəqliyyat vasitələrinin (limuzin, pikap) ümumi istifadədə olan parklanma yerlərində dayanması nəzərdə tutulmayıb.
"Mövcud standartlara əsasən, bir avtomobil üçün ayrılmış parklanma yerinin uzunluğu təxminən 6 metr təşkil edir. Dünya ölkələrinin əksəriyyətində isə bu ölçülər 5-6 metr aralığındadır. İstifadədə olan əksər minik avtomobillərinin uzunluğu isə 4.5-5,3 metr aralığındadır.
Əgər nəqliyyat vasitəsi bir parklanma yerindən artıq sahəni zəbt edirsə, bu halda iki yer üzrə ödəniş tətbiq edilmir. Belə hal qayda pozuntusu hesab olunur və bu əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət yaradır.
Eyni zamanda, bəzi parklanma məntəqələrində avtomobil 45 dərəcə bucaq altında saxlanıldıqda onun bir hissəsi yolun hərəkət hissəsinə çıxaraq digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradırsa, bu da həmin Məcəllənin 346-cı maddəsinə uyğun olaraq məsuliyyətə səbəb olur.
Sürücü parklanma zamanı mütləq qaydalara əməl etməli, digər nəqliyyat vasitələrinin hərəkətinə və parklanmasına maneə yaratmamalıdır. Qabaritləri böyük olan həm minik, həm də yük avtomobillərinin ümumi istifadədə olan standart parklanma yerlərində saxlanılması məqsədəuyğun hesab edilmir və qanunvericilikdə xüsusi yanaşma nəzərdə tutulmayıb".
Nəqliyyat eksperti Eldəniz Cəfərov Oxu.Az-a açıqlamasında bu məsələdə istehlakçı hüququnun pozulmadığını vurğulayıb:

"Sözügedən video üzərindən çıxış etsək görərik ki, həmin avtomobil minik maşını deyil, iriqabaritli pikapdır. Bu səbəbdən o tip avtomobillərin minik avtomobilləri üçün nəzərdə tutulmuş qapalı parklanma məntəqələrinə daxil olması hər zaman mümkün olmaya bilər."
E.Cəfərovun sözlərinə görə, şəhər daxilində yük maşını və ya avtobus idarə edən sürücülər də minik avtomobilləri üçün ayrılmış qapalı parklanma yerlərindən istifadə edə bilmirlər və bu, hər hansı hüquq pozuntusu hesab edilmir.
"Hər bir parklanma məntəqəsinin öz standartları mövcuddur və həmin məkanlar yalnız minik avtomobilləri üçün nəzərdə tutulub. İriqabaritli avtomobillər və pikaplar bu standartlara uyğun gəlmədiyi üçün onların girişinə məhdudiyyət qoyula bilər. Sadəcə, yeraltı parklanma məntəqələrinin girişində icazə verilən avtomobillərin maksimal hündürlüyü, çəkisi və qabaritləri barədə məlumat mütləq şəkildə göstərilməlidir. Bu cür məlumatlandırma sürücülərin əvvəlcədən vəziyyəti qiymətləndirməsinə və narazılıqların qarşısının alınmasına kömək edər", - deyə ekspert bildirib.
Milli Məclisin deputatı Aydın Mirzəzadə də Oxu.Az-a açıqlamasında parkinqlərlə bağlı fikirlərini bölüşüb.
O qeyd edib ki, parkinqlər dövlət tərəfindən qeydiyyata alınmalıdır.

"Parkinq yerlərinin vəzifəsinin təyinatı avtomobillərin təhlükəsiz şəraitdə ödənişlə müəyyən bir zamanda saxlanılmasıdır. Bunun üçün müvafiq vergi ödənilməli, avtomobillərin orada saxlanmasına alınan ödəniş qiymətləri əvvəldən elan edilməlidir. Əlbəttə, parkinqlər arasında fərq var. İri, təsərrüfat fəaliyyətinə cəlb edilən avtomobillərin şəhər mərkəzindəki parkinqlərdə saxlanması mümkün deyil. Digər tərəfdən avtomobillərin qabaritinə görə də hansısa pakinqdə saxlanması mümkün olmaya bilər. Hər şey avtomobillərin ölçüsündən və təyinatından asılıdır. Minik avtomobillərinin saxlanması ilə bağlı hər hansı bir problem yoxdur.
Düzdür, şəhərimiz böyüyür, daha çox vətəndaş avtomobilə sahib olur və onların heç də hamısının yaşadığı yerdə avtomobili saxlamaq üçün şəraiti yoxdur. Nəzərə alsaq ki, insanların bir çoxu öz evlərindən kənarda işləyirlər və işə avtomobilləri ilə gedirlər təbii ki, orada da parkinqlərin olmasına böyük ehtiyac yaranır. Mənə elə gəlir ki, həm şəhər icra hakimiyyəti, həm AYNA şəhərdəki avtomobil parkı, onların hərəkət marşrutları və daha çox toplanma yerləri ilə bağlı geniş tədqiqat aparmalıdır.
Eyni zamanda, parkinqlərin qiyməti də vətəndaşın imkanlarına uyğun olmalıdır. Əlbəttə ki, parkinq sahiblərinin gəlir əldə etməsinə, vergi ödəməsinə görə qiymətlər fərqli olur. Amma zənnimcə, bu məsələdə güzəştli yanaşma ola bilər. Məsələn, dövlət parkinqlərin qiymətini aşağı salmaq üçün onlardan alınan vergini aşağı edə bilər, yaxud da ki, tamamilə vergidən azad olunaraq hündürmərtəbə parkinqlərin tikilməsinə həvəsləndirmək olar. Yəni burada həm xarici təcrübə, həm yerli ənənə nəzərə alınmaqla böyük işlər görülə bilər. Düzdür, bu gün bu istiqamətdə işlər görülür. Həm hökumət, həm müvafiq infrastrukturlar bununla bağlı işlər aparırlar və hesab edirəm ki, vaxtaşırı bununla bağlı yenilikləri eşidəcəyik", - deyə deputat bildirib.