İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işçi qrupunun rəhbəri, Kliniki Tibbi Mərkəzin (KTM) direktoru Könül Ələkbərovun Oxu.Az-a müsahibəsini təqdim edirik:
- Doktor hazırda ölkədə koronavirusla bağlı vəziyyət nə yerdədir?
- Bu gün operativ qərargah tərəfindən pandemiya ilə əlaqədar olaraq lazımi tədbirlər həyata keçirilir. Bu yaxşı haldır ki, operativ qərargah üzvləri tez-tez vəziyyətin dəyərləndirilməsində mütəxəssislərin fikirlərinə üstünlük verirlər.
- Bir həkim kimi necə düşünürsüz yoluxmanın artmasında ən önəmli amil nədir?
- Ümumilikdə pandemiyanın son dövrlərdə ölkədə yoluxmanın sayının artmasının əsas səbəbi sanitar-gigiyenik normalara düzgün riayət edilməməsidir. Vaksinasiya ilə bağlı, karantin rejimi qaydalarına riayət edilməsi ilə bağlı kifayət qədər maarifləndirici tədbirlə aparılır. Bəzən hətta vaksinasiya ilə bağlı vətəndaşların çalışdıqları iş yerlərinə səyyar briqadaların gedişini də təklif edirik.
- Vaksinasiya ilə bağlı müraciətlər çoxdurmu?
- Son 15 günə qədər olan müşahidələrimi deyə bilərəm. Yəni, insanların son 15 günə qədər vaksin vurdurmaq üçün müraciət sayında, növbə məsələsində sıxlıq müşahidə edilmirdi. Amma fevralın 15-dən sonra buster doza vurdurmayan şəxslərin ictimai yerlərdə bir sıra məhdudiyyətlərlə qarşılaşacağı, toylara girişin qadağan ediləcəyi elan edildikdən sonra hamı başladı vaksinasiya üçün müraciət etməyə. Bu səbəbdən son günlər növbələr artıb, sıxlıq müşahidə edilib. Ümumilikdə götürsək vaksinasiya ilə bağlı bu qədər maarifləndirici tədbirlərin aparılmasına baxmayaraq insanların müraciətləri zəifdir. Bununla yanaşı ictimai nəqliyyatda insanların qoruyucu vasitələrdən təyinatı üzrə istifadə etməməsi də ciddi problemlərdən biridir.
Biz tibbi xidmət tərəfdən yanaşsaq deyə bilərik ki, vaksin vurduran şəxslərin bu virusa yoluxması müşahidə edilsə də ölüm hallarına çox az gəlinir. Amma vaksin olunmayanlar arasında təəssüf ki, ölüm halları çox müşahidə edilir. Bu da bir faktdır ki, biz bu xəstəxanada apardığımız tədqiqatlar zamanı müəssisənin koronovirus xəstələrinə xidmət etdiyi dövrdə ölənlərin əksəriyyətinin, təxminən 95 faizinin vaksin vurdurmayan şəxslər olduğu müəyyən edilib.
- “Semaşko” kimi tanınan Kliniki Tibbi Mərkəzə 10 ay olar ki direktor təyin olunmusunuz. Burada həkimlərdən, korrupsiya ilə, rüşvətlə bağlı çox şikayətlər olurdu. Bir qismi əsassız olsa da, bir qismi təsdiqini tapırdı. Sizin təyinatınızdan sonra ilkin müşahidələrinizdə hansı neqativ məqamlar aşkarlamısız?
- Artıq 10 aydır ki, bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Eyni zamanda da bu xəstəxanada da tətbiq edilir. Bu xəstəxana ölkənin ən geniş və ən çox diqqət mərkəzində olan xəstəxanalarından biridir. Müraciət sayı da digər müəssisələrlə müqayisədə çoxdur, çünki bizə regionlardan da müraciətlər daxil olur. Nəticə etibarı ilə harada daha çox iş gedirsə, oradan şikayətlər də çox olur. Amma ümumilikdə götürsək, ötən illəri araşdırdıqda bir çox neqativ hallara rast gəlmişik.
Bunların bir neçə səbəbi var. Xəstəxana fəaliyyətinin ən önəmli tərəfi onun texniki təchizatıdır. İcbari Tibbi Sığortanın tətbiqinə başlanıldığından artıq xəstəxana böyük həcmdə yeni tibbi avadanlıqlar, texnika və tibbi cihazlar alıb.
Orta tibb heyətinin bütün işçilərinin təlimlərdən keçməsi, onların bilik və bacarıqlarının artırılması mühüm şərtlərdən biridir. Həkim təyinatı, tapşırıq verildikdən sonra onun təyinata uyğun icra olunması orta tibb işçilərinin üzərinə düşür. Onların işini yaxşı görməsi, vətəndaşa göstərilən xidmətin yüksək olmasına xidmət edir. Deyə bilmərəm ki, bu gün hər şey tam olaraq qaydasına düşüb. Bu doğru olmaz. Hələ də aramızda mübarizə apardığımız həkimlər var.
- Neqativ hallarla bağlı işdən azad edilən, töhmət alan tibb işçiləri olubmu?
- Son 10 ay ərzində işdən azad edilən tibb işçiləri olub. Lakin əvvəl onu qeyd edim ki, bu heç də icbari tibbi sığortanın tətbiq edilməsi ilə əlaqədar deyil. Bu, tamamilə tərəfimizdən aparılan araşdırmalar zamanı aşkarlanan neqativ halların, faktların təsdiq edildikdən sonra verilən qərarlarla bağlıdır. Belə ki, son 10 ay ərzində bilik və bacarıqlarına görə, qabiliyyətinə görə tibb işçilərinin dəyərləndirilməsi prosesi aparılıb. Öz real peşəkarlığı ilə xidmət verə bilməyən orta, kiçik tibb işçiləri və həkim heyəti arasında yollarımızı ayırdığımız şəxslər var.
10 ay ərzində təxminən 300-ə yaxın personal xəstəxanamızdan uzaqlaşdırılıb. Onların içərisində həkimlər də var, orta tibb işçiləri də var. Bir o qədər və ya onların sayından da çox yeni həkimlər, orta tibb işçiləri işə götürülüb.
- Aşkarlanan neqativ hallar daha çox hansılardır?
- Həkimlər arasında rüşvət almaq faktı olub. Biz dərhal bununla bağlı tədbir görmüşük. Mən dərhal həmin həkim barədə hüquq-mühafizə orqanlarına məlumat vermişəm. Bu kimi 3-4 hadisə olub. Hətta sizə deyim ki, həkimlərin pul almasına dair faktların əksəriyyətini bizə vətəndaşlar deyir. Vətəndaş müraciəti ilə dərhal həmin an araşdırma aparılıb. Bu kimi faktlar aşkar etsəm, ağına-bozuna baxmadan işdən azad edirəm. Hər zaman demişəm, xəstəxananın direktoru da daxil olmaqla, kim rüşvət alırsa mütləq qanun qarşısında cavab verməlidir. Bu çox ciddi ittihamdır.
Həkimlər dünən deyə bilərdilər dolana bilmirik, indi nə olub? İcbari tibbi sığorta tətbiq ediləndən həkimlər 5 min, 8 min, 10 min maaş alırlar. Həkim milyonçu olmalı deyil. Həkim yaxşı yaşayan, yaxşı ev-eşiyi olan, maşını olan bir vətəndaş səviyyəsində alnı açıq yaşamalıdır. Həkimin rüşvət almaq ixtiyarı yoxdur. Digər tərəfdən Vətən müharibəsindən çıxmışıq, nə qədər şəhid vermişik. Bu xalqın vətəndaşılarından rüşvət alanları o torpaqların ahı tutar. O Vətən uğrunda döyüşənlərə, şəhid olanların ailələrinə nə qədər diqqət qayğı göstərsək belə, yenə də onların itirdiklərinin əvəzini verə bilmərik. Bundan başqa nizam intizama riayət edilməməsi, Əmək Məcəlləsinin maddələrinin ciddi şəkildə pozulması halları, iş rejiminə ciddi yanaşılmaması və s. bu kimi hallarla bağlı da aidiyyəti üzrə tədbirlər görmüşük.
- Bildiyim qədər işə qəbul edilən yeni kadrlar da var.
-Ötən 10 ay müddətində xəstəxanaya yeni həkim mütəxəssislərin qəbulu da həyata keçirilib. Xəstəxanamızda son 3-4 ay ərzində 15-ə yaxın uzman həkimlər işə qəbul edilib ki, onların bir hissəsi özəl tibb müəssisələrindən, bir qismi isə xarici ölkələrdə fəaliyyət göstərən həmkarlarımızdır. Onlar Azərbaycan Tibb Universitetini bitirib, akademik təhsilini isə Türkiyədə, Almaniyada və digər ölkələrdə oxumuş həkim mütəxəssislərdir. Bizim tərəfimizdən dəvət göndərilib və onlar da dəvətimizi qəbul edərək bizim kollektivin üzvünə çevriliblər. Qeyd edim ki, bəlkə də 400-ə yaxın yeni işçi heyəti xəstəxanamıza qəbul olunub.
- Ərazidə yeni tikinti işlərinin getdiyini gördük. İstərdik bu barədə məlumat verəsiniz.
- Bəli, bizdə Türkiyədə “Acil” kimi bildiyimiz yeni təcili yardım şöbəsi açılacaq. Burada 36 müşahidə çarpayısının olması planlaşdırılır. 1000 kvadratmetrdən çox sahəni əhatə edəcək təcili yardım şöbəsi digər təcili yardım şöbələrindən fərqlənəcək. Bakı əhalisinə gündəlik xidmət göstərə biləcək. Tikinti işləri ilə paralel olaraq Türkiyənin EGE Universitetinin təlimçiləri tərəfindən bizim tibb işçilərinə təlimlər keçirilib. Hazırda da EGE Universiteti ilə sıx əməkdaşlığımız davam edir. Yaxın zamanda Azərbaycanda ilk professional Təcili Yardım şöbəsi fəaliyyətə başlayacaq. Daha dəqiq desək mart ayının sonuna şöbənin istifadəyə verilməsi gözlənilir.
Onu da qeyd edim ki, İcbari Tibbi Sığortanın tətbiqi ilə təcili tibbi yardım şöbəsi var. Amma belə tam standartlara uyğun olan şəkildə mövcud deyil.
- Həkim və ya tibb işçilərinin xəstələrdən və ya yaxınlarından pul tələb etməsi ilə bağlı şikayət olubmu? Belə olan hal müşahidə olunubsa, nə kimi tədbirlər görmüsünüz?
- Bir dəfə vətəndaş gəldi dedi ki, ondan qabaq həkim qəbulunda olan pasiyent həkimə 20 manat pul verib. Dərhal hüquqşünasın iştirakı ilə məsələ araşdırıldı və aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına məlumat verildi. Bununla bağlı bir neçə dəfə vətəndaşlardan müraciətlər daxil olub. Araşdırmışıq və iddialar doğru çıxıbsa, həmin həkim və ya tibb işçisi ilə yollarımızı ayırmışıq. Mən burada olduğum müddətə birmənalı olaraq həkimlərin xəstələrdən pul tələb etməsinə dair faktlar ola bilməz. Ona görə hansı vətəndaş direktoru görəcəm ona vacib sözüm var deyəndə, bilirəm ki, yalan demirlər.
Bu gün burada elə mühit yaranıb ki, artıq nə həkimlər risk edib pul istəyə bilir, nə də xəstələr risk edib pul verə bilir. Bu proses davam edəcək və hər şey qaydasına düşəcək.
- Klinikada stasionar xidmət üçün çarpayı sayı nə qədərdir? Klinikanın hazırda neçə nəfər heyəti var?
Bizim ümumilikdə 1175 çarpayımız var. Onu deyim ki, Kliniki Tibbi Mərkəz dedikdə tək bura yox, həm də 2 saylı Kliniki Uşaq Xəstəxanası, 3 saylı Uşaq Xəstəxanası və 5 nömrəli Kliniki Doğum Evi birlikdə KTM adlanır. Həmin bu 1175 çarpayının 70-i reanimasiya şöbəsindədir. Belə ki, o çarpayıların 50-si bu xəstəxanada, 10 çarpayı 5 nömrəli Doğum Evindədir, 10 çarpayı da 2 saylı Kliniki Uşaq Xəstəxanasındadır.
2023-cü il yanvarın birinə qədər İcbari Tibbi Sığortada müştərək maliyyələşmə dayandırıldığı üçün vətəndaşların respublika üzrə harada yaşamasından asılı olmayaraq göndərişsiz buraya qəbul oluna bilir. Amma burada da İcbari Tibbi Sığortanın təlimatına görə, stasionar müalicəyə yalnız həqiqətən buna ehtiyacı olan pasiyentlər götürülür.
- Həmçinin, dərman və tibbi ləvazimatların çatışmadığı, yaxud da dərmanların xəstələrin özlərinə aldırıldığına dair iddialar var. Bu nə dərəcə düzgündür?
- Bu məsələnin əsassız olduğunu elə ətrafdakı apteklərdən soruşsanız özünüz görəcəksiniz. Dəfələrlə aptekdən çalışanlardan eşitmişəm ki, deyirlər “xəstə yoxdur?”. Təəccüblənmişəm ki, bu nə sualdır. Deyirlər ki, əvvəllər camaat burdan sumka-sumka dərman alıb aparırdı. İndi heç kim dərman almır, alver yoxdur. Xəstəxanada stasionar müalicə üçün gərəkli olan kifayət qədər dərman preparatları var və xəstələr bütün zəruri dərmanlarla təmin edilir. Hər bir dərman preparatının və digər müalicə üçün lazımi olan məhlulların təyinatına uyğun saxlanma şəraitində qalmasına ciddi nəzarət olunur.
Eyni zamanda Mərkəz ən son tibbi avanadlıqlarla təchiz edilir ki, bu da müraciət sayının artımına səbəb olur. Hazırda xəstəxana üçün daha 3 laporaskop cihaz sifariş edilib. Eləcə də neyrocərrahi əməliyyatların icrası üçün ən son model neyrocərrahiyyə cihazı alınıb. Yaxın günlərdə cihazın quraşdırılması həyata keçiriləcək. O cihaz dövlət xəstəxanalarından ilk dəfə bizdə olacaqdır. Kliniki Tibbi Mərkəzin texniki təchizatının 95 faizi təmin edilib.
- Hazırda xəstəxanada nə qədər vakant yer var? Bəzən reanimasiyada tibb işçilərinin sayının kifayət qədər olmadığı iddia edilir.
- Bu gün Kliniki Tibbi Mərkəzdə kadr çatışmazlığı var, bəli. Biz peşəkar, işinin əhli olan həkim və orta tibb işçiləri axtarırıq. Bütün praktiki vərdişlərə sahib olan radioloqlar, orta tibb heyəti bizə müraciət edə bilərlər. Onu deyə bilərəm ki, bizə vakant yerlərlə bağlı müraciətlər çoxdur. Hətta özəl tibb müəssisələrindən də bizə işlə bağlı müraciət edənlər var.
Özəl tibb müəssisələrindən müraciət edənlər arasından işinin peşəkarı olan 50-yə yaxın tibb bacısı, 15-ə yaxın uzman həkimi işə qəbul etmişik. Hazırda xəstəxana fəaliyyət göstərər və kadr çatışmazlığı olsa da bu bizim vətəndaşlara göstərdiyimiz xidmətin səviyyəsinə qətiyyən təsir etmir. Hazırda xəstəxanada 350 həkim çalışır ki, bu da müraciətləri yüksək səviyyədə qarşılamağa kifayət edir.
- İcbari tibbi sığorta tətbiq ediləndən öncə və bu gün xəstəxanaya gündəlik müraciətlərin sayında, əməliyyatların sayında fərq varmı?
- Belə demək mümkünsə 10 ay bundan öncə xəstəxanaya gündəlik müraciət sayı 150-200 olurdu. Lakin hazırda gündəlik müraciətlərin sayı 1500-dən çoxdur. Hətta elə zamanlar olur ki gündəlik müraciətlərin sayı 2500 -ə qədər arta bilir.
Əvvəllər xəstəxanada gündəlik icra edilən cərrahi əməliyyatların sayı 3, 5 maksimum 10 olurdu. Lakin hazırda günlük əməliyyat sayımız 35-40 arasında dəyişir. Yaxın zamanda gündəlik icra edilən əməliyyatların sayı 60-ı keçəcək.
- Gənc kadrların işlə təmin olunması məsələsi də gündəmdədir. Belə ki, regionlarda həkim çatışmazlığı məsələsi müşahidə edilir bunu nazir də keçirilən brifinqdə qeyd etdi. Ümumiyyətlə Tibb Universitetinin yetirmələri bu gün müasir tibbin tələblərinə cavab verə bilirmi?
- Bəli, tibb Universitetini bitirən kifayət qədər savadlı tibb işçilərimiz var. Bu gün rezidenturanı bitirən infeksionistlər var ki, xəstəxana koronovirusla əlaqəli bağlanan dövrdə özlərini çox yaxşı göstərmişdilər. Mən çox sevindim. Hazırda bizim xəstəxanada çalışan 75 rezident var. Onların öz kuratorları var. Amma biz də onların fəaliyyətini müşahidə edirik.
Hətta onlardan iki nəfəri var ki, özlərini çox yaxşı nümayiş etdirdikləri üçün mən özüm onlara bizimlə çalışmalarını təklif etdim. İş ilə bağlı məsələ göndəriş əsasında həyata keçirildiyi üçün biz qərar verə bilməzdik, lakin onların burada qalmaq istəyib-istəmədiklərini dəqiqləşdirdim. Hətta onlar istədikləri təqdirdə Səhiyyə Nazirliyi ilə müraciət edərək onları kadr kimi bizdə çalışmalarını tmin edə biləcəyimizi dedik. Elə də oldu, Səhiyyə Nazirliyinə müraciət etdik. Müraciətimizə də müsbət rəy gəldi. Hazırda həmin peşəkar, savadlı infeksionistlər bizim həkim kollektivinin bir hissəsidir.
- Simvolik bir sual olsa da, sizin cavabınız maraqlıdır. Necə düşünürsüz, bu gün həkimlər Hippokrat andına sadiq qalırmı?
- Mən deyərdim ki, insanın vicdanı hər bir anddan, sözdən önəmlidir. İnsanın ki vicdanı susdu, hər şey bitdi deməkdir. İnsanın vicdanı daim içində fırtına kimi çağlamalıdır. Tək həkimlərdə deyil, müəllimlərdə də, elə jurnalistlərdə də belə olmalıdır. İnsan hansı peşəyə yiyələnirsə, yiyələnsin işini vicdanla yerinə yetirməlidir.
- Doktor 30 ildir fəaliyyət göstərirsiz. Bəzən həkimlərə qarşı çox haqsızlıqlar olur. Heç nə vaxtsa peşman olmusuzmu?
- Xeyr. Qətiyyən. 30 ildir bu sahədəyəm. İxtisasca özüm anestezioloq-reanimatoloqam. Öz sahəm üzrə praktiki olaraq son 4 ilə qədər fəaliyyət göstərmişəm. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən müvafiq olaraq işçi qrupunun rəhbəri təyin edildikdən sonra həkim kimi fəaliyyət göstərməyim protokol üzrə mümkün olmadı. İnandırım ki, bəzən səhər gələndə özümü reanimasiya şöbəsində tapıram. Çox çətinliklərlə qarşılaşmışıq amma heç vaxt həkim olmaqdan peşmanlıq duymamışam.
Moskvada, Amerikada təlimlərdə iştirak etmişəm. Gəncədə uzun müddət baş reanimotoloq olmuşam. Orada da 20-yə yaxın tibb müəssisəsi var. Gecə saat 2 də, 3-də hansına olursa, çağırırdılar. Yuxudan oyanmaq getmək çətin olurdu, nə yalan deyim. Amma gedib kiminsə həyatını xilas edirsən, elə bir eyforiya yaşayırsan ki, bunu sözlə izah etmək mümkün deyil. Ancaq gərək yaşayasan. Evə qayıdanda uzun müddət səni yuxu tutmur ki, bir az öncə bir ailəni xilas etdin, bir körpəni ölümdən qurtardın və s. İnsan özünü cəmiyyətə yararlı hesab etdikcə öz üzərində çalışmağa davam edir. Hərdən jurnalistlər sual verir ki, “həyata bir daha gəlsəniz bu peşəni seçərdiz?”. Bu sual nə qədər şablon olsa da inanın bu dünyaya 5 dəfə də gəlsəm yenə həkim olardım.
Bir dəfə qızım məktəbdə oxuyanda müəlliməsi soruşub ki, atan harada işləyir? O da deyib ki, həkimdir. Müəllim soruşub nə həkimidir. Qızım mənim ixtisasımı izah edə bilməyib, gecələr çağırışa getməyimi gördüyü üçün deyib ki, “həkimlər xəstəyə kömək edə bilməyəndə atamı çağırırlar”(gülür). Bu cümlə belə bir həkim üçün çox başqa qürurdur.
- İcbari tibbi sığortanın tətbiqindən narazı olan həkimlər çoxdur. Bonusların yüklənmədiyi, maaşların qeyd edildiyi məbləğ aralığında artmadığı iddia edilir. Ümumiyyətlə sizin Klinikada həkimlərin bonuslarında, sabit əlavələrində və maaş artımlarında problem varmı?
- Bu kimi problemlər İcbari Tibbi Sığortanın tətbiqə başladığı ilk dönəmlərdə baş verirdi. Biz bunu etiraf edirik. Çünki bu sistemin tətbiqi hər kəs üçün yenidir. Lakin mərhələli şəkildə artıq bu problemlər də öz həllini tapır və aradan qaldırılır. Bəzən bununla bağlı Agentliyə müraciətlər daxil olur və bunların hər biri tərəfimizdən araşdırılır. Əgər hər hansı gecikmə və ya texniki problem aşkar olunarsa dərhal həll edilir və həkimlərin bonusları, sabit əlavələri hesablarına köçürülür.
- Hər zaman pasiyentlər həkimlərdən şikayət edir. Bu dəfə siz deyin, bir həkim kimi müraciət edən pasiyentlərdən narazılıqlarınız nədir?
- Biz həkim olaraq vətəndaşları daim başa düşməyə çalışırıq. Onlardan şikayət edə və ya narazılıq edə bilmərik. Lakin xahiş edə bilərik ki, səbrli olsunlar. İnsanın canı ağrıyanda bu məsələdə bir qədər təmkinsiz davrana bilir. Lakin, səbirli olmaq lazımdır. İstər növbə məsələsində, istərsə də müayinə və müalicə proseslərində həkimləri də başa düşmək lazımdır. Onlar çoxdur, biz isə tək. Hər birini qəbul edib, müayinə edib təyinatı üzrə müalicə təyin edirik. Onlardan da bir qədər səbirli olmalarını, növbəlilik prinsipini anlayışla qarşılamalarını və öz aralarında bu kimi məsələlərdən dolayı tibb müəssisələrində xoş olmayan mənzərələr yaratmamağı xahiş edirik. Hər kəsə sağlamlıq arzu edirəm.
Könül Cəfərli
FOTO: Tapdıq Abdullayev