Kürdəmirdə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib:
"Kürdəmir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 2 nəfər (kişi) 26.07.2026-cı il tarixində saat 9 radələrində Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlardan 1992-ci il təvəllüdlü şəxsə döş qəfəsinin, qarının küt travması, qapalı kəllə-beyin travması, sağtərəfli çoxsaylı qabırğa sınıqları və travmatik şok diaqnozu təyin edilib. Kritik ağır vəziyyətdə daxil olan pasiyent reanimasiya tədbirlərinə cavab verməyib və saat 12:15-də bioloji ölüm faktı qeydə alınıb.
Xəsarət alan 1999-cu il şəxsə isə başın yumşaq toxumasının əziyi diaqnozu təyin edilib. Ona zəruri tibbi xidmət göstərilib və ambulator müalicə üçün evə buraxılıb".
Şükufə Süleymanlı
Kürdəmirdə baş verən zəncirvari yol-nəqliyyat hadisəsində iki xəsarət alıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun 26-cı kilometrliyində, rayonun Təklə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Daewoo" markalı avtomobil yol kənarında dayanmış VAZ-2106 markalı maşına çırpılıb. Zərbənin təsirindən nəqliyyat vasitəsi hərəkətdə olan digər VAZ-2106 markalı avtomobilə dəyib.
Qəza nəticəsində VAZ-2106 markalı avtomobillərdən biri aşıb. Bu zaman avtomobilin yaxınlığında dayanan rayon sakinləri - 34 yaşlı Kamran Məmmədov və 27 yaşlı Əlismayıl Əliyev nəqliyyat vasitəsinin altında qalaraq ağır bədən xəsarətləri alıblar.
Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.