Abşeron rayonu, Masazır qəsəbəsi, Niyazi küçəsi, 40 ünvanında yaşayan bir qrup sakin oradakı yolların vəziyyətindən şikayətçidirlər.
Sakinlərin sözlərinə görə, bir müddət əvvəl icra hakimiyyətinin əməkdaşları su borularının yenilənməsi məqsədilə yolda qazıntı işləri aparıblar.
Lakin işlərdən sonra yol əvvəlki vəziyyətindən də pis hala düşüb.
Onlar iddia edirlər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problemin həlli ilə bağlı tədbir görülməyib. "Öz vəsaitimizlə bu yolu düzəltmişdik. Hamısını dağıdıblar. Kimə deyirsən, hərə bir tərəfə qaçır, gizlənir. Belə yaşayış olar?!", - sakinlərdən biri bildirib.
"Gəlib burada borunu qoyublar. Qoymaqları bir yana, qazırlar, düzəltmədən çıxıb gedirlər. İki maşın yanaşı gələndə keçə bilmir. Belə olmaz axı. Öz cibimizdən xərc çəkib buranı düzəltmişdik. İndi də bərpa etmirlər", - digər sakin qeyd edib.